Sabiq prezident Nikol Paşinyanı müharibəyə təhrik etməklə daxili publikaya oynayır
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Qarabağ münaqişəsi ətrafında bəhs edərkən axmaq düşüncələrə dalması, xüsusilə onun I Qarabağ müharibəsində azərbaycanlılara qarşı və ümumən, insanlıq əleyhinə vəhşiliklər törətməsi faktı kimsəyə sirr deyil. Lakin maraqlısı ondadır ki, bu erməni cəlladı hələ də erməni, eyni zamanda, dünya ictimai rəyini öz sərsəm fikirləri ilə aldatmağa cəhdlər göstərir. Məhz bu baxımdan, onun jurnalistlərlə söhbəti zamanı irəli sürdüyü məntiqsiz fikirləri bir sıra suallar yaradır və bu suallara cavablar verir.
İllərdir davam edən “qalib erməni ordusu” stereotipinin kökündən sındırılması həmin müharibədən sonra özünü birmənalı olaraq sübuta yetirdi
Ancaq daha bir məsələ ondadır ki, məhz 2016-cı ilin aprel müharibəsində işğalçı Ermənistanın məğlubiyyəti, eləcə də məğlubiyyətin aşkar səbəbləri ətrafında Serjin özünü təmizə çıxarmaq cəhdləridir. Ermənistan KİV-lərinin yazdıqlarına görə, S.Sarqsyan hesab edir ki, bu gün Ermənistanda və bu ölkənin ətrafında baş verən olaylar 2016-cı ildə Qarabağda baş vermiş aprel müharibəsi ilə bağlıdır. Əslində bu ifadədə müəyyən həqiqətlər də var. Misal üçün, aprel müharibəsindən sonra ermənilər anlamağa başladılar ki, onlar güclü Azərbaycan qarşısında yalnız ağır məğlubiyyətlərə layiqdirlər və onların illərdir davam edən “qalib erməni ordusu” stereotipinin kökündən sındırılması həmin müharibədən sonra özünü birmənalı olaraq sübuta yetirdi. Bu isə ölkədə narazılıq dalğasını artırdı və bəlli olduğu kimi, mövcud Nikol Paşinyan hakimiyyəti Qərb fondlarının, əsasən Sorosun dəstəyindən istifadə edərək, rusmeylli Sarqsyan iqtidarını “məxməri inqilab” vasitəsi ilə devirdi. O cümlədən, Ermənistanda anti-Rusiya meyllərinin artması da bu ölkənin dalana dirənməsi prosesinə kifayət qədər öz təsirini göstərməkdədir.
Saqsyanın ifadələrində müəyyən həqiqətlər də var: “Bu gün danışıqlar prosesi ya dalana dirənib, ya da təsəvvürümdə olduğu kimi getmir və müharibə ehtimalını artırır”
“Aprel müharibəsi adi müharibə deyildi, böyük hərbi-siyasi hadisə idi ki, nəticədə daxili və xarici siyasətə təsirini göstərdi”, deyən Sarqsyan əlavə edib ki, aprel müharibəsi eyni zamanda, Qarabağın “müdafiəsi” və “təhlükəsizliyi” ilə də sıx bağlı idi: “Bu gün danışıqlar prosesi ya dalana dirənib, ya da təsəvvürümdə olduğu kimi getmir və müharibə ehtimalını artırır”.
Əslində, ermənilərin devrilmiş prezidentlərinin bu ifadələrində müəyyən həqiqətlər də var. Düzdür, S.Saqrsyan da zamanında işğalçılıq və təcavüzkarlıq xarakterində bəyanatlarını səsləndirirdi, ancaq N.Paşinyandan fərqli olaraq, zəif və müdafiə qabiliyyəti demək olar ki, olmayan ordunu güclü Azərbaycanın qarşısında çıxılmaz vəziyyətə sürükləmirdi. Yəni cəbhənin təmas xətlərində atəşkəs rejimini pozan erməni ordusu lokal silahlı qarşıdurmalara getmirdi. Yalnız aprel müharibəsində - Qarabağda bunu etməyə cəhd etsə də, layiqli cavabını aldı. Bu isə hakimiyyətin devrilməsi ilə nəticəsini tapdı.
Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatı Azərbaycan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida!” bəyanatı ilə alt-üst edildi, Ermənistan beynəlxalq siyasi arenada dəstəklənmədi
Ancaq Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatı Azərbaycan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida!” bəyanatı ilə alt-üst edildi, Ermənistan beynəlxalq siyasi arenada dəstəklənmədi və əsasən, Tovuzda baş vermiş silahlı təxribata görə sərt şəkildə qınanıldı. Əlbəttə ki, S.Saqsyan bu amilləri nəzərə alaraq, Ermənistanın və qondarma “DQR”in ciddi təhlükə altında düşdüyünü, müharibə mümkünlüyünün artdığını bəyan edərək, bu ifadələri ilə, necə deyərlər “çulunu sudan quru çıxarmağa” cəhd göstərib.
İndi isə gələk sabiq erməni prezidentinin axmaq fikirlərinə. O, bəyan edib ki, iri miqyaslı müharibə halında Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Sual yaranır: onun perzidentliyi dövründə bir neçə dəfə müharibə mümkünlüyü baş verib və maraqlıdır, o nəyə görə bu addıma getməyib və “DQR”in müstəqilliyini tanımaqdan imtina edib? Təbii ki, Serj bunu etsəydi, onun ölkəsi və tanınmayan “respublika” üçün daha ağır fəsadlar baş qaldıra bilərdi. Təkcə aprel müharibəsinə görə (biz hələ Naxçıvandakı Günnüt qələbəsini demirik-R.R.) S.Sarqsyan ciddi araşdırma obyektinə çevrilib və əgər o “DQR”in tanınması üçün addıma getsəydi, bu zaman ölkəsinin hansı vəziyyətə doğru sürüklənəcəyini təsəvvürə gətirmək olmaz.
Əbəs deyil ki, bu fikirlərindən sonra, Serj, əsl həqiqəti və reallığı da ifadə edərək, özü-özünü təkzib edir: “Azərbaycanın heç bir rəhbəri Qarabağın müstəqilliyi ilə razılaşmayacaq”
İndi isə, o düşünür ki, N.Paşinyan bunu etməlidir. Söz yox ki, ermənilərin sabiq prezidenti baş nazirin qondarma “DQR”i tanımayacağını, buna cürət edə bilməyəcəyini yaxşı bilir, sadəcə həmin ifadələri ilə daxili publikaya oynayır, bu vasitə ilə Paşinyanı müharibə vəziyyətini artırmağa təhrik edir. Lakin...
Lakin daha bir ilginc məsələ budur ki, S.Sarqsyan Qarabağ məsələsinin həllinin beynəlxalq təsir vasitəsi ilə həll oluna bilinəcəyinə eyham vurub. Bu zaman növbəti sual yaranır: Qarabağ münaqişəsində Ermənistan günahlar tərəf kimi göstərilir, BMT və s. beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar qüvvələrin qeyd-şərtsiz işğal altındakı əraziləri tərk etmələrini tələb edən qətnamələr qəbul edib. Bu zaman Serj hansı beynəlxalq təsirdən dəm vurur? Məgər o, yaxud hazırkı hakimiyyət ümumiyyətlə, beynəlxalq tələbləri vecinə alırlarmı? Almırlarsa, bu həyasızlıq nəyə gərəkdir? Və ya Tovuz hadisələrindən sonra mühüm beynəlxalq siyasi dairələr ermənilərin bu təxribatını pisləyən bəyanatlarla çıxış edərək, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirdilər, bütün bunlardan sonra S.Sarqsyan hansı beynəlxalq təsirdən danışır? Əbəs deyil ki, bu fikirlərindən sonra, Serj, əsl həqiqəti və reallığı da ifadə edərək, özü-özünü təkzib edir. SİTAT: “Azərbaycanın heç bir rəhbəri Qarabağın müstəqilliyi ilə razılaşmayacaq”.
Onda belə nəticə hasil etmək olar ki, S.Sarqsyan ya özünü axmaq yerinə qoyub, ya da Ermənistan ictimaiyyətini bütövlükdə axmaq hesab edir. Çünki əvvəlcə bir, sonra isə digər təkzibli fikirləri ortaya atan bu adam sözün əsl mənasında mövcud Ermənistan rəhbərliyinin və eyni zamanda ictimai-siyasi ab-havasının gerçək mənzərəsini sərgiləyir. Bu mənzərə isə, həqiqətən də çox ağır və çıxılmazdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB