“Ermənistanın təhdidlərinə heç bir reaksiya verilmir” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın təhdidlərinə heç bir reaksiya verilmir” ÖZƏL-MÜNASİBƏT

“Rəsmi İrəvan nə danışdığını bilmir”. Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Ermənistanın məkirli işğalçı siyasətini və təhdidlərini hər kəs görür, amma, heç bir reaksiya verilmir: “Bunun səbəbi isə Ermənistanın hər kəs tərəfindən forpost və təhkimli dövlət statsusunda olmasını tanımasıdır. Yəni Ermənistan rəhbərliyinin sözlərinin heç bir hüquqi əsası yoxdur və bu rəhbərlik Rusiyaya güvənir. Çünki Rusiyanın mövcud geopolitik müstəvidə Cənubi Qafqazda Ermənistan kimi təhkimli dövləti itirmək istəmədiyinə əmindir. Yəni Rusiya birmənalı olaraq, Ermənistanı yox, Gümrünü itirmək istəmir. Tovuz hadisələri zamanı Rusiya izləyici pozisiyasına keçid aldı. Rəsmi İrəvan Rusiya tərəfindən yetərli dəstəyi görmədiyi halda, eyni zamanda Türkiyə Azərbaycan birliyini müşahidə etdiyi halda, Rusiyanı hərəkətə keçirmək üçün Ermənistanda Rusiya televiziya translyasiyasını dayandırdı. Bu, əslində rəsmi Moskvaya Gümrü mesajı idi. Bunun ardından isə biz Rusiyanın Qazaxıstan vasitəsilə Ermənistanı silahla təchiz etdiyini müşahidə etdik. Əslində Rusiya və Ermənistan mətbuatında yayımlanan yazılardan da görürürk ki, həm Rusiya, həm Ermənistan Türkiyə Azərbaycan birliyindən, eləcə də, Türkiyə qoşunlarının Qarabağa girəcəyi ehtimalından belə çox tədirgindirlər. Çünki, bu o deməkdir ki, artıq Dağlıq Qarabağ məsələsi daha böyük güclər arasında həll oluna bilər. Belə olan halda konkret olaraq uduzan və qələbə qazanan tərəf bəlli olacaq. Hər baxımdan Rusiyanın uduzduqları burada daha çoxdur. Ona görə də, hazırda Rusiya maşa Ermənistan vasitəsi ilə Azərbaycana əzələ nümayiş etdirmək adına təhditlər yağdırmağa başlayıb. Hesab edirəm, burada Azərbaycanın siyasi mövqeyi və iradəsi də, sınanacaq. Çünki, böyük siyasi manevrlərdə böyük güclərin savaş plasdarmına çevrilmək Azərbaycan üçün təhlükəli ola bilər. Digər tərəfdən Tovuz hadisələri zamanı, Ermənistana silah təchizatı edən və ya silah təchizatı etmək üçün ərazilərindən istifadə edilən qonşu dövlətlərlə, yəni Gürcüstan, İran və Qazaxıstanla olan münasibətləri də diqqətdən kənar qoymamalıyıq. Yəni, hesab edirəm ki, Ermənistan kimi maşa bir dövlətin təhditlərindən daha çox qonşu dövlətlərin Azərbaycana qarşı olan münasibətlərinə diqqət yetirilməlidir”.

Daha sonra, partiya sədri Əsli Kazımova, Ermənistanın təhdidlərinə rəğmən ATƏT-in Minsk Qrupunun susqunluq nümayiş etdirməsinə də, münasibət bildirib: “ATƏT-in əsil simasını Tovuz eskalasiyası zamanı müşahidə etdik. ATƏT yağışdan sonra çıxan göbələyə bənzəyir. Savaş bitir sonra monitorinqə başlayır. Kimə lazımdır belə təşkilatın monitorinqi? Axı 30 ildə bu təşkilat nə etdi ki, indi nə edə? ATƏT-in Misnk Qrupu da, hesab edirəm Rusiyanın diktəsi ilə hərəkət edən bir təşkilat formatında çalışır. Ona görə də, Azərbaycan münaqişə tərəfi olaraq, ATƏT-in Minsk qrupundan ya imtina etməlidir, ya da Türkiyənin də, iştirakı ilə yeni tərkibdə Minsk Qrupunun təşkili üçün təklif irəli sürməlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə