"Qarabağ" yatağı ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq" Məşhur Məmmədov

"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin qarşısında geniş imkanlar açır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallaşdırdığı enerji layihələri davamlı iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətli rola malikdir. Belə ki, neft gəlirlərindən düzgün istifadə iqtisadiyyatın şaxələndirilməsinə, mühüm sosial-iqtisadi layihələrin icrasına yol açır ki, bu da öz növbəsində ölkəmizin hər bir çətinlikdən uğurla, az itki ilə çıxmasını şərtləndirir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Deputat qeyd edib ki, avqustun 10-da dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Bakı dərin özüllər zavodunda "Qarabağ" dayaq blokunun dənizə yol salınması neft strategiyasının uğurlu icrasının nəticəsidir. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bugünümüz, gələcəyimiz üçün, xalqımızın yaxşı yaşaması, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir. Azərbaycanın illər keçdikcə regional əməkdaşlıqdan beynəlxalq müstəvidə əlaqələrin qurulmasına doğru atdığı addımlar etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, ölkəmizə investisiya axınını sürətlədirdi, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının günbəgün artmasında stimulverici amil oldu.

M.Məmmədov onu da əlavə edib ki, çoxtərəfli əməkdaşlığın təcəssümü olan Cənub Qaz Dəhlizi artıq tam şəkildə reallaşmaq üzrədir. Bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaq, Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə, yeni-yeni layihələrin gündəmə gətirilməsinə səy göstərməklə əməkdaşlığın coğrafiyasının genişlədirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Bu layihələr ölkələri, xalqları birləşdirir, onları daha da yaxınlaşdırır.

"Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana hələ qarşıdakı illərdə daha böyük uğurlar gətirəcək" söyləyən deputat bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqamı xüsusi önə çəkib ki, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Azərbaycan bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edir, uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.

M.Məmmədov "Qarabağ" yatağının istismara verilməsinin Azərbaycanın neft gəlirlərinin artmasına böyük töhfə olacağını bildirərək bu məqama diqqət yönəldib ki, son 17 ildə Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Hər bir layihə uğurlu sonluqla başa çataraq yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Bu layihələrin icrası nəticəsində isə dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, onlar da büdcənin sosialyönümlülüyünün artmasını təmin edir. Bu fikir beynəlxalq səviyyədə edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrin hamısına uğur gətirməyib. Amma Azərbaycanın öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun hazırlaması bu kimi problemlərin yaşanmaması ilə müşaiyət olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...