"Ermənistanın havadarları bu məsələyə ehtiyatla yanaşmalıdır" ÖZƏL-ŞƏRH

"Türkiyə faktoru kifayət qədər ciddidir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə təlimlərinin keçirildiyi günlərdə Ermənistanda ciddi narahatlıq ifadə olunurdu. Təbii ki, bu təlimlər Ermənistan və onun havadarlarına cavab xarakteri daşıyırdı. Hər kəsə məlum oldu ki, Türkiyə də Qarabağ prosesində var və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır. Əks təqdirdə, sülh danışıqları dayandırıla, savaş başlaya bilər. Bu halda da Ermənistan və Azərbaycan təkbətək savaşmayacaqsa, yəni erməni tərəfinə yardım edəcəklərsə, o zaman Azərbaycan da tək olmayacaq". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Türkiyə indi bir neçə istiqamətdə fəal şəkildə geosiyasi hədəflərinə çatmaq uğrunda mübarizə aparır: "Qardaş ölkə bir çox çağırışla üz-üzədir. Biz bunu Aralıq dənizinin hər millimetrində görürük. Misir, BƏƏ, Yunanıstan, Fransa və Səudiyyə Ərəbistanı ilə ciddi problemlər var. Belə bir situasiyada Türkiyənin Cənubi Qafqazdakı fəallığı təqdirəlayiqdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, öhdəliklər var və bunlar İrəvan tərəfindən “Madrid prinsipləri” üzrə qəbul edilib. Ya bu öhdəliklər yerinə yetirilməlidir, ya da danışıqlara son qoyulmalıdır. Danışıqlar nəticə vermirsə, Azərbaycan bütün beynəlxalq hüquq normalarını əsas götürərək, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır.

Həmin qüvvələr başa düşməlidir ki, bu, sıradan bir müharibə olmayacaq. Bura nə Gürcüstandır, nə də Ukrayna – Azərbaycan tək deyil. Artıq Pakistan yüz minlik ordusu ilə Azərbaycana öz dəstəyini təklif edib. Üstəgəl, ehtimal olunan savaşda Şimali Qafqazda türk-müsəlman xalqlarının Azərbaycana dəstəyi ifadə olunacaq. Türkiyə kimi güclü bir dövlət də Azərbaycanın yanındadır. Buna görə də, Ermənistanın havadarları bu məsələyə ehtiyatla yanaşmalıdır. Xüsusən də İran və Rusiya öz sərhədləri yaxınlığında vəziyyətin gərginləşməsinə yol verməməlidir. Bu səbəbdən də Ermənistana təzyiq etməlidirlər. Onlar başa düşməlidir ki, Ermənistanın təxribatçı fəaliyyətləri həm də onlara qarşı çevrilib. Soros başda olmaqla, müəyyən qruplar Ermənistan vasitəsilə Rusiya və İrana qarşı təxribatlar törədirlər. Amma əfsuslar olsun ki, İran və Rusiya daxilindəki bəzi qruplar da öz ölkələrinin milli maraqlarını satmaqla məşğuldurlar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə