“Onlarla ölkədə Azərbaycan nidası yüksəldi” ÖZƏL-MÜNASİBƏT

Dünyanın dörd yanındakı həmvətənlərimizin Müstəqil Azərbaycan Respublikasının səsinə səs verməsi, harada yaşamasından asılı olmayaraq, ürəklərinin Azərbaycanla bir döyündüyü bugünlərdə bir daha və parlaq şəkildə göründü. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Los Anceles, Brüssel, Praqa, Paris, Moskva, İstanbul, Ankara… və başqa onlarla ölkənin onlarla şəhərində Azərbaycan nidası yüksəldi!
“Məlum olduğu kimi, 12 iyulda Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin Tovuzdakı bölmələrinin mövqelərinə hücumu nəticəsində 12 şəhidmiz, itkilərimiz, dağıntılarımız oldu. Ermənistanın bu yeni təcavüzkarlıq aktı, əlbəttə, cavabsız qalmadı, ordumuz düşmənə cavab verdi və bir də, bu cavabın beynəlxalq təşkilatlarda, dünya azərbaycanlıları arasında doğur¬duğu reaksiyalar vardı. Həmin reaksiyalar da Ermənistana və havadarlarına özünəməxsus bir cavab idi. Belə hiss olundu ki düşmən nə öncəbhədə, nə də beynəlxalq cəbhədə bu miqyasda cavab gözləmirmiş.

Düşmənin nəyi gözləyib-gözləməyindən ziyadə, bizim nələri etdiymiz, daha nələri edə biləcəyimiz daha maraqlıdır, əlbəttə. Bu planda, dünya azərbaycanlılarının mütəşəkkil keçirdiyi nümayiş, mitinq, piket və s. formada aksiyalar, dorğudan doğruya təqdirəlayiq, diqqətəlayiqdir və bir çox hallarda örnək təşkil edirdi. Müstəqil Azərbaycan dövlətinin rəhbərliyi səviyyəsində dünya azərbaycanlılarının dəyanətinin təqdir edilməsi dediklərimizə sübutdur.

Uzun illər ərzində formalaşdırılmış qaraniyyətli erməni diaspor və lobbi gücləri ilə müqayisədə cavan diasporumuzun bu mütəşəkilliyi ayrı bir gözəllik kəsb edir. Amma sən demə, manqurtlaşmışcasına, hətta, Vətən sözünə “şüvənliy”i də pərçim edəcək qədər zehniyyətsizləşmiş “həmvətənlərimiz” də varmış ki… Los Ancelesdə, Brüsseldə və b. şəhərlərdə erməni nümayişçilərin qanunazidd əməllərinin, cinayət tərkibli hərəkətlərinin “faktura”sını azərbay¬canlıların adına çıxarmağa cəhd edəcəklərmiş… Aman, Tanrım! Daha, bu qədər də yox, yəni! Təsəvvür edin, yerli hüquq mühafizə orqanları erməni aksiyaçıların suçlu olduğunu açıqlayır, Azərbaycan XİN müvafiq açıqlamalr verir, səfirlər çağrılır, onlara “Nota” təqdim edilir, bizim ağzıgöyçəklər erməninin günahlarını həmvətənlərimizin adına bağlayır. Addım atırsan yaman¬san, addım atmırsan yenə yamansan və belə yanaşmamı olar!?

Tovuz hadisələri bir sınaqdı sanki görək kim özünü harada necə aparır? Bu da aydın göründü. Sizi inandırım, sabah-birisigün işğal altındakı torpaqlarımızı azad edərkən, itkilərimiz, yaralılarımız olunca, müəyyən dağıntılar, itkilər baş verincə, müəyyən texnikalarımız sıradan çıxınca… azad edilən torpaqları, müzəffər yürüyüşümüzü deyil, məhz itkilərimizi qabardıb, yenə ittihamı ittihama calayan cahil qafalıları görsəm, təəcüblənmərəm. Cahillər, manqurtlar bu dəfə də niyə sülh yolunu deyil, hərb yolunu seçdiyimizə görə “danlayacaqlar” bizi...
Belə. Karvan öz yolu ilə gedir, getməlidir və mənzilə çatmalıdır. Kəsafətləri kəsə-kəsə, yaramazlıqları ayaqlaya-ayaqlaya!

Təki, biz qalib olaq, qoy, manqurtlaşmışlarımıza da danışmaqçün yeni mövzu hasil etmiş olaq…

Dövlətimiz zaval görməsin!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...