"Siyasətin görünən tərəfi olduğu kimi, alt qatları da var" ÖZƏL-ŞƏRH

“Livan uğrunda mübarizə başlayıb. Beyrutdakı dəhşətli partlayışdan dərhal sonra Fransa prezidenti Emmanuel Makron Livana səfər etdi. Livan vaxtilə Fransanın koloniyası olub. Makron Fransanın Livana maliyyə yardımı etməyə hazır olduğunu, ancaq bunun üçün Beyruta şərtləri olduğunu xatırlatdı. Şərtlər içərisində korrupsiyanın kökünün kəsilməsindən tutmuş, “Hizbullah” təşkilatının fəaliyyətinə qadağa qoyulmasına qədər maddələr var”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Beyrutu Türkiyənin Cumhurbaşqanı Yardımçısı Fuat Oktay və xarici işlər naziri Mövlüd Çavuşoğlu da ziyarət ediblər: “Aydındır ki, onlar Beyruta Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə gediblər. Türkiyədən gələn heyəti Livanın prezidenti Mişel Aun qəbul edib. Türkiyə də Fransa kimi Livana yardım əli uzadıb. Ancaq Fransadan fərqli olaraq Türkiyə yardım qarşılığında Livana yerinə yetirilməsi çətin olan şərtlər irəli sürməyib. Makronun səfəri ilə Türkiyə heyətinin Beyruta səfərinin əsas fərqi bundadır. Fuat Oktay deyib ki, Beyrut dəniz limanı bərpa olunana qədər Livan Türkiyənin Aralıq dənizindəki Mersin limanından istifadə edə bilər. Böyük jestdir. Türkiyə Cumhurbaşqanının Yardımçısı Livana başqa yardımlar edəcəyini də sözlərinə əlavə edib.

Sual oluna bilər ki, Türkiyə nədən Livana yardım edir? Axı Livan parlamenti 2000-ci ildə “erməni soyqırımını” tanıyıb, türk diplomatları illərlə qətlə yetirən erməni ASALA terror təşkilatı Beyrutda formalaşıb. Əlbəttə, bunlar danılmaz faktlardır, ancaq siyasətin görünən tərəfi olduğu kimi, alt qatları da var. Livan Aralıq dənizi sahili ölkədir. Türkiyə isə bu gün Aralıq dənizi hövzəsində Yunanıstan, Kipr Yunan Respublikası, Misir, Fransa və İsraillə dirəşir. Belə vəziyyətdə Ankara Livanı ən yaxşı halda yanında görmək, pis halda isə neytral qalmasını istəyir. Livana ağır vəziyyətində uzadılan yardım əli Ankaraya təminat verir ki, Livan ən azı Türkiyə əleyhinə oyunlarda yer almayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə