Bir yerdə ki, Leyla Yunusun adı varsa... TƏRS BAXIŞ

Yaxud, saxta hüquq müdafiəçilərinin köhnə hoqqaları

Azərbaycan dövləti və xalqının əleyhi istiqamətində aktiv fəaliyyətə keçən cinahların yenidən fəallaşmaları bir daha sübut edir ki, onlar bu məsələdə ermənipərəst havadarlarından növbəti sifarişlərini alıblar. Xüsusilə, “Human Right Watch” adlı təşkilatın və bu təşkilatın erməni mənşəli rəsmisinin - Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsonun ölkəmizə qarşı növbəti qərəz dolu hesabatı da bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. Məhz həmin şər-böhtanlarla dolu olan əsassız, məntiqsiz hesabatın “məğzində” dayanmış iddiaların bəlli şəxslər tərəfindən səsləndirməsi də, artıq xainlər toplumunun hərəkətə keçməsi anlamını daşımaqdadır.

Bu adların hər birinin arxasında dövlətə, vətənə, qanunlara, milli heysiyyata, milli əxlaqa və mənəviyyata xəyanət faktorları dayanır

Əgər bu gün “beynəlxalq ictimaiyyətə müraciət” adlı saxtakar sənədə imza atanlar arasında, hətta başında Leyla Yunus kimi aşkar ermənipərəstliyin təbliğatçısı dayanırsa, demək, bu fakt danılmazdır ki, növbəti sifariş də bilavasitə erməni lobbisi və onun havadarları tərəfindən verilib. Özü də elə bir zamanda ki - Azərbaycan xalqı öz dövlətinin ətrafında daha da sıx birləşməklə, erməni təxribatlarına qarşı birlik nümayiş etdirib, layiqli cavab verdiyi anda!

Bir daha kimlərin həmin saxtakar sənədə imza atanların və guya Azərbaycanda “repressiya” olduğunu bar-bar bağıranların olduğuna diqqət yetirək. Daim erməni dəyirmanına su tökən, yalnız söyüş söyərkən Azərbaycan dilində danışdığını etiraf edən Leyla Yunus, onun həmdəmləri –İntiqam Əliyev, Yalçın İmanov, Akif Qurbanov, Gunay İsmayılova, Samir Kazımlı, Rövşən Hacıbəyli, Sevinc Vaqifqızı, Fuad Həsənov, Əlövsət Sadıqlı, Emin Hüseynov, Namizəd Səfərov, Eldəniz Quliyev, Hilal Məmmədov, Avtandil Məmmədov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər, Təzəxan Mirələmli, Rüfət Səfərov.

Bu adların hər birinin arxasında dövlətə, vətənə, qanunlara, milli heysiyyata, milli əxlaqa və mənəviyyata xəyanət faktorları dayanır və hər birinin barəsində ayrı-ayrı dəlilləri ortaya qoymaqla, onları yenidən ifşa etmək heç də çətinlik yarada bilməz. Təsəvvürünüzə gətirin, başda Leyla Yunusun adı və imzası keçən “sənədə” imza atan bu şəxslərin böyük əksəriyyəti sırf radikal, dağıdıcı və aşkar şəkildə düşmənə işləyən “müxalifətlə” əlaqəli olan insanlardır və onları Azərbaycan cəmiyyəti və dövləti, həmçinin, beynəlxalq ictimaiyyət yaxşı tanıyır.

Onlar erməni adlı düşməni özlərinə əmi, dayı, bibi, xala, qardaş və bacı sanırlar!

Digər tərəfdən, onların fəaliyyətlərində hüquq müdafiəçiliyi deyil, xainlik formatı dayanıbdır desək, heç də yanılmarıq. Daha dəqiq desək, bir yerdə ki, Leyla Yunusun adı keçirsə, həmin yerdə onların da adları hallanırsa, demək ki, onların Leyla Yunusdan qətiyyən fərqləri yoxdur – onlar erməni adlı düşməni özlərinə əmi, dayı, bibi, xala, qardaş və bacı sanırlar!

Ümumiyyətlə, biz sözügedən “sənədə” təsirsiz imza atanların hər birinin Azərbaycana qarşı kin və nifrət hissində fəaliyyət göstərən, xaricdə oturan “beşinci kolon”un nümayəndələri ilə də sıx dostluq, maddi maraq əlaqələrinin olduğunu da yaxşı bilirik.

Ancaq daha bir amili də unutmamalıyıq ki, yalnız həmin “sənədə” imza atanlar deyil, digərləri də var ki, onlar da həmin ünsürlərdən qətiyyən fərqlənmirlər. Misal üçün, əgər həmin “sənəddə” AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin və qurum üzvlərinin, eləcə də Sevinc Osmanqızının və sairlərinin imzaları yoxdursa, bu, o demək deyil ki, onlar yaxalarını kənara çəkiblər. Əksinə, həmin “sənədin” hazırlanmasında bu adamlar əsas rollardan birini alıblar. İmzalarını isə ona görə atmayıblar ki, bu gün dövlətçiliyimizə qarşı mövqe sərgiləyən və hüquqi qiymətlərini alaraq qanun qarşısına çıxarılan təxribatçılar, məhz Əli Kərimlinin və “Milli Şura”nın əlaltılarıdırlar. Guya Əli Kərimlinin heç də həmin “müraciət sənədindən” xəbəri olmayıb və Leyla Yunus, eləcə də digərləri onun düşdüyü “dərdə” şərik çıxıblar. Bu qədər bəsit!

Beləliklə, bir daha məlum olur ki, ermənilərin Tovuz təxribatını dünya birliyinin gözündən yayındırmaq üçün iyulun 14-də Milli Məclis binasının içərisində hay-küy salanlar bu tapşırıqlarını, məhz erməni havadarlarından alıblar. İndi isə qanun qarşısına çıxarılarkən, məhz həmin “beynəlxalq aləmə müraciət” tipli oyunbazlıq ortaya atılır. Amma belə oyunbazlıqlar əvvəllər də keçməyib, bundan sonra da keçməyəcək. Hətta “Human Right Watch” deyil, hansı təşkilat olursa-olsun, onların hay-havarları elə öz qulaqlarını batıracaq....

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...