Bu gün ATƏT-in Bakı Ofisi Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlandığını elan edib. SİA-nın xəbərinə görə, bu kampaniya Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, "Təmiz dünya" ictimai birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə keçirilir. Konfransı ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Ston açaraq Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti barədə qısa məlumat verib. O, qeyd edib ki, insan alverinə qarşı mübarizə həftəsinə həsr olunan kampaniya Azərbaycan höküməti və onun tərəfdaşlarına insan alverinə qarşı mübarizədə səfərbər etmək və ictimai məlumatlandırmanı artırmaq imkanları yaradacaq: "İctimai məlumatlandırmanın artırılması, insan alveri ilə məşğul olanların həyata keçirdiyi mənfi təcrübə və üsullar haqqında potensial qurbanları xəbərdar etmək və nəticə etibarı ilə insan alverinin qarşısını almaq imkanını təmin edə bilər".
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov isə bildirib ki, ötən il Azərbaycanda insan alveri ilə mübarizəyə dair bir sıra tədbirlər keçirilib. Ötən il fevralın 25-də Avropa Şurasının müvafiq Konvensiyası qəbul olunub və bu Konvensiya Azərbaycanda oktyabrın 1-dən qüvvəyə minib. İmran Nəcəfov insan alveri qurbanlarının yenidən cəmiyyətə inteqrasiyası sahəsində işlərin davam etdiyini deyib.
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev kampaniya çərçivəsində görüləcək işlər barədə məlumat verib. Onun sözlərinə görə, qeyd olunan kampaniya mayın 6-dan 16-dək davam edəcək. Kampaniya çərçivəsində televiziya və radioda qeyd olunan problemə həsr olunmuş xüsusi proqramlar yayımlanacaq, diskussiyalar təşkil olunacaq, insan alverinə qarşı mübarizəni əks etdirən buklet və plakatlar paylanacaq. Mayın 13-də ATƏT-in Bakı Ofisi insan alverinə qarşı mübarizəyə həsr edilmiş seminar keçirəcək, mayın 16-da isə Azərbaycan qanunvericiliyinin Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Konvensiyasına uyğunluğuna həsr olunmuş dəyirmi masa təşkil ediləcək. Bundan başqa kampaniya çərçivəsində İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş konsert proqramının təşkili də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB