"Ermənistanın Tovuza hücumu həm də Avropaya qarşı hücumdur" XARİCİ MEDİA

"Ermənistanın Tovuza hücumu həm də Avropaya qarşı hücumdur" XARİCİ MEDİA

Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı həyata keçirdiyi hücumu həm də Avropanın enerji təhlükəsizliyinə qarşı hücumdur. SİA xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü, professor Esmira Cəfərovaya məxsus məqalə "Georivista" və "Geostrategic Media"da yayımlanıb.

Belə ki, məqalədə Ermənistanla Azərbaycan arasındakı gərginliyin son vaxtlar daha da artdığından və Ermənistanın Tovuz rayonu istiqamətində 12-14 iyul 2020-ci il tarixində başlatdığı silahlı hücumdan bəhs edilib. E.Cəfərova bu hadisəni son illərdə baş verən ən pis hərbi toqquşmalardan biri kimi dəyərləndirib. Nəticədə Azərbaycanın 10-dan çox hərbçisinin və bir mülki şəxsin həyatını itirdiyi qeyd edilib. Lakin, hücumun bu istiqamətdə həyata keçirilməsinin bir çox səbəblərinin olduğu qeyd edilib. Xüsusilə, bu sahədə beynəlxalq səviyyədə tanınan mütəxəssislərin fikrincə, Azərbaycana qarşı edilən bu hücum Avropanın enerji təhlükəsizliyinə və rifahına qarşı bir hücum kimi qiymətləndirilib.

Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır və nöqtə!" kimi bəyanatlar verməklə ATƏT-in müvafiq qərarları əsasında aparılan danışıqlar formatına xələl yetirdiyi də vurğulanıb. Eyni zamanda Nikol Paşinyanın Rusiyanın Xarici İşlər naziri Sergey Lovrovun münaqişənin mərhələli həllinə dair təklifini də rədd etməsi onun həmişə danışıqlar prosesindən qaçdığını göstərdiyi bildirilib. Ermənistanın Müdafiə Nazirliyinin təhdid dolu bəyanatlarının, Azərbaycanda "yeni əlverişli mövqeləri tutacağını" dair açıqlamalarının Ermənistanın siyasi rəhbərliyində getdikcə artan militarist əhval-ruhiyyəsindən xəbər veridiyi qeyd edilib.

"Ermənistanın Azərbaycana sərhəd boyu hücum etməsi Paşinyan rejiminin vəd edilmiş dəyişiklikləri icra edə bilməməsinin verdiyi məyusluğunu əks etdirir. Ölkədə iqtisadi problemlər COVID-19 pandemiyası və xarici yardımın azaldılması ilə daha da artdı və bütün bunlar Azərbaycanın daxili, iqtisadi və beynəlxalq səviyyədə artan uğurları fonunda baş verdi.

Azərbaycan həyata keçirdiyi enerji layihələri sayəsində Avropa üçün enerji təhlükəsizliyi və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli təminatçıya çevrilib. Eləcə də Cənub Qaz Dəhlizi kimi layihənin icrası Azərbaycanın enerji təhlükəsizliyində rolunu daha da artırıb. Cənub Qaz Dəhlizinin 2020-ci ilin payızına qədər tam işə salınması planlaşdırılır və TAP-ın demək olar ki, tamamlandığı bildirilir. Layihə COVID-19 pandemiyasına baxmayaraq sərbəst şəkildə davam etdirilir. Avropanın enerji təhlükəsizliyi üçün vacib olan bu infrastruktur 12-14 iyul tarixlərində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin hücumuna məruz qalmış Tovuz rayonu da daxil olmaqla sərhədə yaxın ərazidən keçir. Ermənistan Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində bu regional enerji layihələrindən təcrid olunmuş yeganə ölkədir. Qısqanclıq və bütün regional əməkdaşlıq layihələrindən özünü təcrid edən Ermənistanın bu enerji layihələrinə düşmənçiliyini daha da artırıb. Buna görə də Avropa belə təxribatlara qarşı ayıq olmalıdır. Təcavüzkar tərəfin adını çəkmək və səsləndirmək belə bir vəziyyətdə zəruridir" - deyə, məqalədə qeyd edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə