“Ermənistan böhtanlar yaymaqdansa...” ÖZƏL-ŞƏRH

“Ermənistan böhtanlar yaymaqdansa...” ÖZƏL-ŞƏRH

“Metsamor AES bütün region üçün təhlükə mənbəyidir”. Bu fikirlri saytımıza açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanın beynəlxalq təşkilatlara Azərbaycanın Metsamor AES-i vuracağı ilə bağlı böhtan xarakterli kampaniyasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan bütün region üçün təhlükə mənbəyi olan atom elektrik stansiyası ilə bağlı böhtanlar yaymaqdansa yaxşı olar ki, Mingəçevir SES-i və neft kəmərlərini vuracağı ilə bağlı təhdidlərə aydınlıq gətirsin.

“İlk olaraq onu qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanla bağlı beynəlxalq təşkilatlara etdiyi şikayətdə diqqət yönəltdiyi Metsamor AES-lə bağlı məsələ hələ bir neçə il bundan əvvəl ən mötəbər beynəlxalq qurumlarda müzakirəyə çıxarılmış və əksər dövlətlər tərəfindən təhlükə mənbəyi olaraq qəbul edilmişdir. Belə k, Ermənistandakı “Metsamor” elektrik stansiyası hazırda az sayda qalmış nüvə reaktorları növündəndir ki, onlar ilkin müdafiə qurğuları olmadan tikilmişdir. Hətta adı çəkilən stansiyanın bağlanması üçün Avropa İttifaqı tərəfindən 200 milyon avro həcmində kreditin verilməsi də planlaşdırılmışdı. Lakin Ermənistan bundan imtina etdi. O zaman Avropa İttifaqı bəyanat verdi ki, stansiya “nüvə təhlükəsizliyinin beynəlxalq səviyyədə tanınmış standartlarına qədər təkmilləşdirilə bilməz” və 2011-ci ilə qədər bağlanılmalıdır. 2013-cü ildə Aİ nümayəndə heyətinin başçısı Trayan Xristea Ermənistanda bəyan etdi ki, “Metsamor” AES-nın istismarı məsələsi “Ermənistan – Aİ münasibətləri gündəliyinin başlıca məsələlərindən biridir”. 2014-cü ildə isə Avropa Komissiyası bir daha Ermənistanı mümkün qədər tez şəkildə AES-nı bağlamağa çağırdı. Bu barədə Avropa Komissiyasının 2013-cü ildəki Avropa qonşuluq siyasəti proqramı üzrə ermənistanın inkişafı haqqındakı məruzəsində qeyd edilir. Lakin üstündən illər keçməsinə baxmayaraq bu məsələ hələ də öz həllini tapmayıb.
Yaxşı olardı ki, Ermənistan beynəlxalq təşkilatlara etdiyi bu səpkili şikayətlərdənsə illər öncə Ermənistanın keçmiş baş nazirinin “Metsamor” Atom Elektrik Stansiyasını Azərbaycana qarşı atom silahı kimi istifadə edə biləcəklərini bəyan etməsinə aydınlıq gətirsin. Və ya ona aydınlıq gətirsin ki, AES-də reaktorun soyudulması üçün Arpaçay və Araz çaylarının suyundan istifadə olunduqdan sonra istifadə edilmiş su, heç bir təmizlənmə işi aparılmadan niyə çaylara axıdılır?
Beynəlxalq təşkilatlar isə bu və ya digər məsələdə Azərbaycanı hədəf almaqdansa ilk öncə öz qərar və bəyanatlarına hörmət etməli, “Metsamor” AES-nın nüvə tullantılarının işğal edilmiş Azərbaycan torpaqlarında basdırılması faktlarına reaksiya verməlidirlər”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə