İnternet istifadəçiləri də Ermənistan təxribatının qurbanı ola bilər ÖZƏL - AÇIQLAMA

İnternet istifadəçiləri də Ermənistan təxribatının qurbanı ola bilər ÖZƏL - AÇIQLAMA

"Ermənistan tərəfindən Azərbaycana qarşı informasiya müharibəsi gücləndirilib və Azərbaycanın informasiya mühiti üçün təhdidlərin artdığı müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu, həm adi internet istifadəçiləri, sosial media istifadəçilərinə qarşı yönəlib, həm də oturuşmuş xəbər saytlarına, internet, media qurumlarına qarşı istiqamətlənmiş bir prosesdir:

"Bununla düşmən tərəf sosial media istifadəçilərinin hesablarını, fərdi məlumatlarını, şifrələrini ələ keçirməyə çalışır. Müxtəlif yollarla, "SMS"lər göndərilir, parolun dəyişdirilməsi ilə bildirişlər, spamlar göndərilir və s. Eyni zamanda bizim milli informasiya resurslarımızı da sıradan çıxartmağa cəhdlər edirlər. Oturuşmuş xəbər resurslarını, saytları və s. Bundan dolayı internet istifadəçiləri daha diqqətli olmalıdırlar. Elementar informasiya təhlükəsizliyi qaydalarına daha ciddi riayət etməlidirlər".

Azərbaycan İnternet Forumunun prezidenti bildirib ki, ilk növbədə istifadə olunan avadanlıqlar, otaqdakı modem, kompyuter, smartfon kimi avadanlıqların özünün müəyyən təhlükəsizlik qaydaları var, hansı ki, onlara virus oturmamalıdır və bunun üçün anti-virus proqramları mütləq şəkildə olmalıdır:

"Anti-virus, anti-casus proqramları mütləq olmalıdır. Avadanlıqların özü normal qaydaya gətirilməlidir və nəzarətdə saxlanılmalıdır. Həmçinin "wi-fi" avadanlıqlarına, başqa sözlə, "router"ə də viruslar düşə bilər. Onların təlimatları var və bu təlimatlara əsasən addımlar atılmalıdır. Şifrələr güvənli seçilməlidir. Avadanlıqlar "update" olunmalı, yəni, yenilənməlidir. Modemin və "router"in proqramlarının da yenilənməsi nəzərdə tutulur. Bununla bağlı kifayət qədər qeydlər var".

Bu münasibətlə, Osman Gündüz eyni zamanda sadə internet istifadəçilərini də ehtiyatlı olmağa çağırıb:

"Sadə internet istifadəçilərinimiz də bu təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Güvənli şifrələrdən istifadə etməli, daxil olan şirnikləndirici "SMS"lərə aldanmamalı, daxil olan anlaşılmaz fayları və gözləmədikləri linkləri başqaları ilə paylaşmamalıdırlar ki, bu çox önəmlidir. Həmçinin, başqa yerdə, başqa avadanlıqlardan sosial media hesablarına daxil olduqda ehtiyyatlı olmalı, oradan düzgün "çıxış" etməlidirlər ki, "şifrənin izi" qalmasın. Qəti şəkildə, kimlərəsə sosial hesablarının fərdi məlumatlarını yazılı şəkildə və ya başqa halda göndərmək olmaz. Bütün bu və digər adi elementar qaydalara riayət edilməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə