"İnanıram ki, diplomatiyamızda keyfiyyət dəyişikliklərinin şahidi olacağıq" ÖZƏL-MÜNASİBƏT

"İnanıram ki, diplomatiyamızda keyfiyyət dəyişikliklərinin şahidi olacağıq" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın Tovuzla sərhəddə atəşkəsi pozması, təxribat törətməsi, hərbçilərimizi qətlə yetirməsi, yaşayış məntəqələrimizi atəşə tutması, dinc sakini öldürməsi bütün Azərbaycan xalqını ayağa qaldırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli qərarları əsasında Milli Ordumuz düşmənə layiqli cavab verdi, sarsıdıcı zərbələr endirdi. İşğalçıların çoxlu sayda hərbçisi məhv edildi. Azərbaycan əsgərinin sərrast atəşi ilə ermənilərin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, sistemləri yerlə-yeksan olunmuşdur". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Prezidentin 12 iyul hadisələrinin ilk anlarından Ali Baş Komandan kimi dövlətimizin sərhədlərinin, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması, düşmənin aqressiyasının qarşısınının alınması üçün atdığı adekvat addımlar, Təhlükəsizlik Şurasındakı çıxışı ölkəmizin sakinlərini ruhlandırdı: "Minlərlə gənclərimiz coşqu hissləri ilə meydanlara axışdı. Vətənpərvər gənclər spontan olaraq, Ordumuza, Ali Baş Komandana dəstək şüarları səsləndirərək, Şəhidlər Xiyabanına doğru yürüş etdilər. Düzdür, bəzi antiazərbaycan qüvvələr, radikal ünsürlər sanksiyalaşdırılmamış aksiyadan öz çirkin məqsədləri üçün istifadə etməyə, iğtişaşlar törətməyə təşəbbüs göstərmişlər. Lakin polisimizin qətiyyətli addımları bu cəhdin qarşısını almışdır.

Bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin hər zaman olduğu kimi, sərhəd hadisələri ilə bağlı da açıq danışması, vacib məsələləri ictimaiyyətlə paylaşması, fikirlərini xalqla bölüşməsi, istər sosial şəbəkələrdəki, istər radikal düşərgədəki, istərsə də dünyadakı ermənipərəst informasiya orqanlarındakı yayılan yalanları, şər-böhtanları alt-üst etdi. Əslində, bu, bizim dövlət başçımızın özünəməxsus iş stili və üstünlüklərindən biridir.

İyulun 15-də Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə rəhbəri ənənəsinə sadiq qalaraq, son günlərin hadisələrini olduqca aydın, açıq şəkildə təhlil etdi. Prezidentin özünün də dediyi kimi, çılpaqlığı ilə ortaya qoyduğu bir məsələyə mən də münasibətimi bildirmək istəyirəm. Bu, xalqımızı narahat edən diplomatiyamızın vəziyyəti ilə bağlıdır. Uzun müddətdir ki, Xarici İşlər Nazirliyinin fəaliyətinin ölkəmizin inkişaf templərinə, yeni çağırışlara cavab vermədiyini hər birimiz görürük. Son həftələr ərzində DTX -nın keçirdiyi əməliyyat bu qurumda korrupsiya və rüşvət kimi dövlət cinayətlərinin kök saldığını göstərir. Bu azmış kimi, sərhədlərimizdə düşmənin aqressiyaya əl atdığı, beynəlxalq qanunların ayaqlandığı bir gündə nəinki nazir E.Məmmədyarovun səsi çıxmır, sən demə, sözügedən iclasda Baş Nazir Əli Əsədovun bildirdiyi kimi, heç iş yerində olmamışdır. O boyda nazirlik ana dilimizdə elə Məmmədyarov səviyyəsində danışan mətbuat xidmətinin rəhbəri olan gənc bir qızın ümidinə buraxılıb. Haqsız olduqları halda erməni diplomatları, səfirlikləri, diaspor təşkilatları beynəlxalq qurumların az qala qapılarını sındırır, həyasızlıq edir, bizimkilər isə iş yerlərində tapılmırlar. Sükürlər olsun ki, Prezidentimiz həm də çox mahir diplomatdır. Xarici siyasətdə qazandığımız bütün uğurlar bir başa onun fəaliyyətinin nəticəsidir.

Unutmamalıyıq ki, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təkcə ordumuzdan asılı deyil. Əsgərimiz yerindədir. Öz işini görür. 2016-cı il aprel döyüşləri, 2018-ci il Naxçıvan hadisələri və son Tovuz olayları ordumuzun gücündən, qüdrətindən xəbər verir. Amma ölkəmizin xarici siyasət idarəsində yuxarıda qeyd etdiyim və etmədiyim biabırçılıqlar ictimaiyyətdə narahatlıq yaradır. Prezidentin kadr islahatları artıq XİN-ə çatdı. Prezidentin sərəncamı ilə dünən Təhsil naziri Ceyhun Bayramov Xarici işlər naziri təyin olundu. Təbrik edirəm. İnanıram ki, tezliklə diplomatiyamızda keyfiyyət dəyişikliklərinin də şahidi olacağıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə