"Ermənistan Azərbaycanın yürütdüyü siyasəti gözdən salmağa çalışır" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi iclasının çağırılması və bu təşəbbüsə olan diqqət və dəstək Azərbaycanın dünyadakı nüfuzunu möhkəmləndirir. Ermənistan isə müxtəlif yollarla Azərbaycan siyasətini gözdən salmağa çalışır. Son provakasiyanın bir məqsədi də bundan ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu təxribatlar uzun illərdir ki, davam edir və son illər ərzində Azərbaycan-Ermənistan sərhədində təxribatların sayı çoxalıb, xüsusilə də Qazax-Tovuz istiqamətində, çünki, Azərbaycan bu regionda yeni sərhəd infrostrukturu qurub və bununla da Azərbaycan öz dayaqlarını, əraziyə nəzarəti daha da möhkəmləndirib: "Ötən illər ərzində, 90-cı illərdə təəssüflər olsun ki, Ermənistanın işğsalçı siyasəti nəticəsində bu nəzarət bir qədər zəifləmişdi. İndi isə tam əksinə Azərbaycan ordusu və dövləti kifayət qədər möhkəmdir. Bizim imkanlarımız öz mövqelərimizi gücləndirməyə kifayət qədər şərait yaradır. O cümlədən də, sərhəd istiqamətində. Bu proses Ermənistan tərəfini qıcıqlandırır. Son həftələrin hadisələri, Azərbaycanın təşəbbüsləri, BMT-nin Baş Assambleyasının xüsusi iclasının çağırılması təşəbbüsü və bu təşəbbüsə olan diqqət və dəstək Azərbaycanın dünyadakı nüfuzunu da möhkəmləndirir. Azərbaycanın haqq-ədalət mövqeyini bir daha digər ölkələrin qarşısında nümayiş etdirir. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində də. Əgər bir ölkə digər dövlətlərin də qayğısına qalırsa, ümumbəşəri mövqelərini dünya siyasi gündəminə gətirirsə, onları təbliğ edirsə bu ölkə təbii ki, işğalçı ola bilməz. Bu ölkə zərərli prinsiplər üzərində siyasətini qura bilməz. Bunu bütün dünya görür. Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqq-ədalət mövqeyini nümayiş etdirir. Ermənistan isə müxtəlif yollarla Azərbaycan siyasətini gözdən salmağa çalışır. Bu provakasiyanın bir məqsədi də bundan ibarətdir".

Politoloq qeyd edib ki, burada başqa məqsədlərdə var, Ermənistanda daxili-siyasi vəziyyət çox çətin və gərgindir, cəmiyyətin diqqətini yayındırmaq üçün də bu addımlara gedilir: "Həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini Ermənistan tərəfinə çəkmək istəyir. Hətta bu təxribatın əsas məqsədlərindən bir də bundan ibarətdir. Lakin, bütün bu məqsədlər boş cəhdlər üzərində qurulub. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi hələ də kimisə aldatmağa nail olmaq istəyir. Hələ də bu ənənəvi siyasətdən əl çəkmək istəmir. İllərlə aparılan bu siyasət yalnız mənfi nəticələr verib. Nə qədər ki, Ermənistan hakimiyyəti bu siyasətinə davam edəcək regionda sülh və əmin-amanlığın bərpa olunmasından söhbət gedə bilməz".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...