Əli Kərimlinin “M.Ə.Rəsulzadə planı” - növbəti fiasko TƏRS BAXIŞ

Yaxud, “Milli Şura”nın video-şousundan çıxarılan nəticələr

“Milli Şura”nın növbəti video-şousunda AXCP sədri Əli Kərimlinin “müasir zamanımızın Məhəmməd Əmin Rəsulzadəsi” kimi sərsəm iddianın səsləndirilməsi cəmiyyətdə kəskin qınaq və hiddət yaratmaqda davam edir. Anarxist, ultra-radikal, anti-milli və xəyanətkar bir şəxsin Azərbaycanın tarixində mühüm yerlərdən birini tutan şəxsiyyətlə əlaqələndirilməsi hətta AXCP-nin şinelindən çıxan siyasi müxaliflərin də dərin hiddətinə gətirib-çıxarıb.

Alternativ AXCP-nin sədri Razi Nurullayev: “Əli Kərimli nə yaradıb, nə qurub?”

Bu arada AXCP sədri Əli Kərimlinin sabiq müavini, hazırda alternativ AXCP-nin sədri, deputat Razi Nurullayev sözügedən mövzuya münasibətini bildirib. Onun sözlərinə görə, Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir. Bu baxımdan, məsələyə yanaşma edən Razi Nurullayev eyni zamanda, AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin də Əli Kərimli tərəfindən xəyanətə uğuradılmasına eyham vuraraq deyib: “Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gərək nəsə qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub...”

Alternativ AXCP-nin sədri həmçinin bildirib ki, Əli Kərimli radikal, barışmaz müxalifdir və onun fəaliyyəti dağıdıcılıqdan ibarətdir. Razi Nurullayev Kərimlinin müxalifəti, xüsusilə də AXCP-ni parçaladığını da bu sözləri ilə ifadə edib. “O, nə yaradıb, nə qurub?... İstəyir on qat daha radikal olsun”, deyən müxalifətçi deputat qarşı tərəfin bu vasitə ilə Azərbaycan siyasətini eybəcərləşdirdiyini bildirib.

Əli Kərimliyə Cəmil Həsənlinin etirazı lazım idi?

Beləliklə, bir daha sübut olunur ki, əslində “Milli Şura”nın sözügedən video-şousunda qurumun üzvləri Rahim Hacıyevin və Qənimət Zahidin bu kimi iddiada bulunmaları pərdə arxasında Əli Kərimli ilə razılaşdırılıb. Daha dəqiq desək, AXCP-nin sədri bu vasitə ilə “Milli Şura”nın “vahid lideri” adını qazanmaq üçün həmin planın icra olunmasını adları çəkilən şəxslərə həvalə edib. Bu isə, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Cəmil Həsənlinin oradan çıxdaş edilməsi planı işə düşüb. Onun bu məsələyə etirazlı mövqe sərgiləməsi də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Yəni AXCP sədrinə elə bu da lazım idi ki, sonradan Cəmil Həsənliyə qarşı kampaniya başladaraq formal sədrlik kreslosuna yiyələnin. Ancaq Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə isə, göründüyü kimi Əli Kərimlinin və yandaşlarının növbəti fiaskosu, eyni zamanda xalqın hiddətli qınağı ilə nəticələnib. Görünür, o bundan sonrakı planları barədə düşünməli və fərqli addımlara getməli olacaq. Çünki AXCP sədrinin əsas marağı hazırda “Milli Şura”nın sədri olmaq istəyidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə