"Ermənistan İran səfirindən niyə narazıdır?" ÖZƏL-MÖVQE

"Ermənistan İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin açıqlamalarından narahatdır. Ermənistanın İctimai Televiziyası İranın Ermənistandakı səfiri Abbas Bədaxşandan müsahibə götürüb". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Erməni jurnalisti iranlı diplomata belə bir sual verib: “İranın Azərbaycandakı səfirinin Tehranın siyasəti ilə üst-üstə düşməyən açıqlamalarını necə qiymətləndirrisiniz?”

Bu suala cavabında İranın Ermənistandakı səfiri konkret həmkarının adını çəkməsə də, deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişməyib. Səfir bu sözlərinə belə bir cümləni də əlavə edib: “Əgər fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqe İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur”.

İranın Ermənistandakı səfiri bu açıqlamalarla nə demək istəyir?

O Dağlıq Qarabağ münaqişəsinin həllində Tehranın hansı balanslaşdırılmış mövqedən danışır?

Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır. Bunu həm İran rəsmiləri, həm də qonşu ölkənin ali dini lideri bildirir. Əslində İranın Ermənistandakı səfiri İrəvanda Tehranın mövqeyini təhrif edir. Doğru olanı isə məhz İranın Azərbaycandakı səfiri deyir.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır” - bu iranlı diplomatın hər dəfə təkrarladığı cümlədir. Bundan başqa Cavad Cahangirzadə hər il iyun ayında qeyd edilən “Qüds günü” münasibətilə bu fikri də səsləndirir: “İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir”.

Bu arada, Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirib.

Aydındır ki, səfirin bu açıqlamaları və onun Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşü Ermənistan hakimiyyətinin və separatçıların xoşuna gəlmir. Ancaq Cavad Cahangirzadədən əvvəl İranın Azərbaycandakı səfirləri də eyni sözləri deyiblər. İranın Azərbaycanda Cavad Cahangirzadədən əvvəlki səfiri Möhsün Pak Ayin də deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. İranın Azərbaycandakı səfiri Bakıda fərqli açıqlama verə bilməz. O başqa məsələ ki, İranın Ermənistandakı səfirləri “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” fikrini səsləndirməkdən çəkinirlər.

Cavad Cahangirzadənin Azərbaycanda fəaliyyət müddəti başa çatmaq üzrədir. Tehran onun yerinə yaxın müddətdə Bakıya başqa diplomatını səfir göndərəcək. Gələn səfir də Dağlıq Qarabağla bağlı fərqli bir açıqlama verməyəcək. Ermənistandakılar şükür etsinlər ki, İranda yaşayan on milyonlarla azərbaycanlı bir ağızdan “Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır” tələbini səsləndirmirlər. Ancaq həmin gün də uzaqda deyil. Həmin gün yetişəndə “balanslaşdırılmış yanaşmadan” danışan İranın Ermənistandakı səfirləri belə İrəvanın imdadına çata bilməyəcəklər"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə