"Həmsədrlər görüntü xatirinə vasitəçilik etməməlidir" Sevinc Fətəliyeva

“Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müəyyən dairələr Ermənistan haqqında “demokrat obrazı yaratmağa çalışır. Bu isə yolverilməzdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 6-da yerli televiziyalara müsahibəsində qeyd etdiyi kimi, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil: “Dövlətimizin başçısı bildirib ki, Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Cənab Prezidentin qeyd etdiyi kimi, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir.

Ermənistanın qeyri-konstruktivliyi o həddədir ki, Azərbaycan Prezidentinin koronavirusla mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxıb. Dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur”.

Millət vəkili həmçinin deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreşin arasında telefon danışığında da dövlətimizin başçısının təşəbblüsü yüksək dəyərləndirilib. Belə ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

BMT-nin Baş katibi Antonio Quterreş bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bu faktın özü Azərbaycanın təşəbbüsünə qarşı çıxanlara tutarlı cavabdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi dəyişməzdir.

“Cənab Prezidentin qeyd etdiyi kimi, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Ona görə də mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil. Dövlət başçısı bir daha bəyan edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Azərbaycan danışıqlar prosesinin imitasiya xatirinə aparılmasını qəbul etmir. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Cənab Prezidentin dediyi kimi, əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri bütün bunlardan nəticə çıxarmalı, görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdır”-deyə, millət vəkili vurğulayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...