“Milli Şura”ın “zoom”ları: nəticədə onları nə gözləyir? ANALITIK

Müxalifətin sərt və kəskin reaksiyaları bu qurumun iflasını sürətləndirir

“Milli Şura”nın koordinasiya mərkəzinin “zoom” toplantılarında rüsvayçı fikirləri ilə yadda qalan qurum yetkililərinin fəaliyyətləri artıq müxalifət düşərgəsi tərəfindən də kəskin ittihamlarla müşahidə olunmaqdadır. Xüsusilə, Fransada saxta “siyasi mühacir” adı altında fəaliyyət göstərərək, əslində düşmən dəyirmanına su tökməklə məşğul olan Qənimət Zahidin işinin hakimiyyətə şər atmaq olduğunu etiraf etməsi ciddi qınaq hədəfinə çevrilib. Bu isə bir daha sübut edir ki, “Milli Şura”nın əsl məqsədi dövlət maraqlarına qarşı çıxıb, aşkar düşmən mövqeyi sərgiləməkdir. Necə deyərlər, ermənidən çox erməni olduqlarını gizlətməyən bu ünsürlərin iflas saatları elə də uzaqda deyil.

ALDP: “Milli Şura” dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid “şuranın” sevincinə səbəb olur”

Misal üçün, Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) rəhbəri Fuad Əliyev mediaya verdiyi açıqlamasında deyib ki, “Milli Şura” adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib və eyni zamanda, ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil. “Qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir”, deyə qeyd edən ALDP sədrinə görə, xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər: “Biri var ki, hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə. “Milli Şura” dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid “şuranın” sevincinə səbəb olur.”

Müxalifətçi partiya sədrinə görə, “Milli Şura” düşmənçilik mövqeyini ortaya qoyur və “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edir: “Özləri də etiraf edirlər ki, onların işi hakimiyyəti şərləməkdir. Bir gün eşitsək ki, “Milli Şura” istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrlə əməkdaşlıq edir, mən heç də təəccüblənmərəm. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir...”

AMİP: “Bu adamlar ictimailəşən davranışları ilə özlərini bitiriblər”

AMİP də ALPD-dən gələn fikirlə razıdır. Belə ki, partiyanın sədr əvəzi Arzuxan Əlizadəyə görə, bu adamlar özlərini bitiriblər. Müxalifət partiyasının yetkilisi hesab edir ki, son günlər ardıcıl olaraq “milli” adlanan bu qurumun toplantılarından biri-birindən rəngarəng o qədər videolar yayılıb ki, artıq kimin nə dediyinin fərqinə varmaq da əhəmiyyətsiz görünür: “Təəssüf ki, müxalifət kimi təqdim olunan həmin qrupun üzvləri bu toplantılarda mütəmadi olaraq etdikləri qeybət xarakterli və qeyri-ciddi fikirləri ilə gündəmə gəlirlər. Bir halda ki, ölkənin müxalifət düşərgəsində olan təşkilatları və siyasətçiləri aşağılayan fikirlər səsləndirir, neftin qiymətinin aşağı düşməsinə sevinir, söyüş və təhqir ritorikasını gündəlik fəaliyyətlərinin tərkib hissəsi kimi qəbul edir və bütün bunların fonunda öz millətindən və təhqir etdiyi şəxslərdən deyil, mental dəyərlərimizə tamamilə yad olanlardan üzr diləyirlər, deməli, bunların hakimiyyətdə olanları şərləmək vərdişinə və metoduna da təəccüblənmək lazım deyil”.

“Bu adamlar ictimailəşən davranışları ilə özlərini bitiriblər. Mən baş verənlərə yalnız təəssüfümü bildirirəm”, deyə AMİP-in sədr əvəzi funksioneri qeyd edib.

AĞ Partiya: “İqtidar-müxalifət münasibətləri sivil, sağlam rəqabət üzərində qurulmalıdır”

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli isə düşünür ki, müxalifətin işi tənqid etməkdir. Lakin tənqid də sağlam və yerində olmalıdır. O cümlədən, şəxsi müstəvidə siyasət aparmaq ümumiyyətlə doğru seçim deyil. Xüsusilə, düşərgədəki siyasi qurumlar müxalifətçi olmaları ilə yanaşı, həm də dövlətçilik mövqeyini qoruyub-saxlamalı, ona xələl gətirməməlidirlər: “Yəni siyasi fəaliyyət tənqid, şər, böhtan üzərində deyil, həqiqət, obyektivlik üzərində qurulmalıdır. Rəqiblərə qarşı ədalətli davranmaq lazımdır. İqtidar-müxalifət münasibətləri şəxsi müstəvidə kin-küdurət haqq-hesabına çevrilməməlidir. İqtidar-müxalifət münasibətləri sivil, sağlam rəqabət üzərində qurulmalıdır. Biz Azərbaycanda bu cür siyasətin olmasının tərəfdarıyıq”.

Alternativ AXCP: “Əli Kərimlinin rəhbərlik etdiyi bu qurum müxalifətin ən böyük probleminə çevrilib”

Digər müxalifət partiyası – Razi Nurullayevin sədri olduğu alternativ AXCP də “Milli Şura”nın bu cür ucuz, rüsvayçı siyasi şoularını qəti şəkildə pislədiyini bəyan edib. Belə ki, partiyanın sədr müavini Ehtiram Mehdiyev belə hesab edir ki, “Milli Şura”nın yeganə xilas yolu siyasətdən birdəfəlik getməkdir: “Azərbaycanda bu günə qədər “Milli Şura” kimi fiaskoya uğramış ikinci siyasi təşkilat olmayıb. “Milli Şura” 2013-cü il seçkisindən sonra cəmiyyətdə özü haqqında yalnız mənfi fikirlər formalaşdırıb. Müxalifətin birləşməsi adı altında yaranan bu qurum sonradan pozucu, dağıdıcı bir qüvvəyə çevrildi. “Milli Şura”nın yaranmasına böyük ümidlərlə baxan müxaliflər xəyal qırıqlığına uğradılar. Artıq faktiki olaraq Əli Kərimlinin rəhbərlik etdiyi bu qurum müxalifətin ən böyük probleminə çevrilib”.

Müxalifətçi partiya yetkilisi onu da qeyd edib ki, “Milli Şura” müxalifətin illərdir formalaşmış imicinə də zərbə vurdu: “Hesab edirəm ki, məlum video batmaqda olanları dərin suallara qərq edəcək. Xilas yolu siyasətdən birdəfəlik getməkdir. Çətin də olsa onlar bu cəsarətli addımı atmalıdırlar. 80-ci illərdən sonra doğulan yeni nəsil gəncliyi “Milli Şura” kimi siyasi təşkilatları qəbul etmir. İntellektual gəncliklə milli olmayan təşkilatlar arasında kəskin uçurum var. Gənclik yenilik, inkişaf, onlar isə kreslolarını möhkəmlətməyin yollarını axtarır. Ümumiyyətlə, siyasi mübarizənin status-kvo şərtləri tez bir zamanda dəyişdirilməli, iqtidar tərəfindən uğurla həyata keçirilən islahatlara müxalifət də qoşulmalıdır”.

Beləliklə, əgər bu gün “Milli Şura” tərəfdarları və rəhbərləri özlərini ölkənin bir nömrəli müxalifət təmsilçiləri hesab edirlərsə, kökündən yanılırlar. Belə ki, bu gün onlar yalnız düşmənlərin bir nömrəli tərəfdarları, hətta nökərləri hesab edilə bilərlər. Bunu isə biz deyil, məhz düşərgənin digər cinahında olan müxalifətçilər bəyan edirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...