“Prezident İlham Əliyev siyasi gedişləri ilə Paşinyanı mat vəziyyətinə salır” RƏY-ÖZƏL

“Prezident İlham Əliyev Mingəçevir şəhərindəki çıxışı zamanı işğalçı ölkə ilə bağlı söylədiyi fikirlərlə Ermənistanın real siyasi mənzərəsini təqdim etdi. Prezident tərəfindən Ermənistanın demoqrafiq vəziyyəti, siyasi elitasının korrupsiya, cinayətkarlıq əməlləri haqqında dəqiq informasiyaların əsasında əsaslı təhlil verməsi təcavüzkar ölkədə siyasi təzyiqi daha da yüksəlməsinə səbəb olub. Artıq Paşinyan ailəsinin tütün və brilliant qaçaqmalçılığı ilə məşğul olması faktının erməni ictimaiyyətinə bəlli olması müxalifətin hərəkətə keçməsinə əsas yaradıb. Bir sözlə ifadə etmiş olsaq, Prezident İlham Əliyev siyasi gedişləri ilə Bakıdan Ermənistandakı proseslərə təsir edir və boğazdan yuxarı bəyanatlar verən Paşinyana siyasət dərsi keçir, onu mat vəziyyətinə salır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışsalar da bu mümkün olmur: “Sirr deyil ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda, tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini ifşa edib. Eyni zamanda, dəfələrlə Paşinyan hökumətinin erməni ictimaiyyətindən gizlətməyə çalışdığı problemləri Prezident İlham Əliyev ifşa edib. Elə bunun nəticəsidir ki, artıq nəinki erməni ictimaiyyəti, eləcə də bütün dünya Paşinyanın psevdodemokrat olduğuna tam əmin olub. Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir. Ona görə də, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışırlar. Lakin bu da mümkün olmur. Məsələn, dünyanın 130-dan çox ölkəsinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəklədiyi halda, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bəli, bu fakt da bir daha Paşinyan hökumətinin Prezident İlham Əliyev qarşısında mat vəziyyətinə düşməsinin göstəricisidir”.

“Proseslərin bu cür gedişatında təəssüf doğuran məqam ondan ibarətdir ki, “beşinci kolon” yenidən erməniçilik ideologiyasına xidmətini nümayiş etdirib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, birbaşa AXCP sədri Əli Kərimlinin göstərişi ilə Prezident İlham Əliyevin Ermənistan barədə fikirləri montaj olunaraq təhrif edilməyə cəhd göstərilib: “Əslində, bu fakt da özlüyündə isbatlayır ki, erməni lobbisi, Paşinyan komandası, “beşinci kolon” birləşsə də, təxribatlar etsələr də, yenidən ifşa olunurlar. Eyni zamanda, başda Əli Kərimli olmaqla bütün cəbhəçilər bir daha sübut etdilər ki, nə qədər qorxaqdırlar, acizdirlər. Halbuki Prezident İlham Əliyev həmin çıxışında Ermənistan hakimiyyətini ifşa edirdi. Amma görünür Əli Kərimli Paşinyan və Ermənistan sevgisinə görə Prezident İlham Əliyevin fikirlərini montaj etdirməklə fərarilik və iyrəncliklə məşğul olduğunu, ermənipərəstliliyini isbatlayıb”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə