“Milli Şura” xalqın sərt qınaq və kəskin tənqid hədəfinə çevrilib ANALITIK + ŞƏRH
Çingiz Qənizadə: “Belə hesab edirlər ki, bununla hansısa bir siyasi mübarizə aparırlar”
“Milli Şura”nın “zoom” toplantılarında səviyyəsiz söhbətlər aparmaları və hətta bir-birlərinə qarşı aşırı ironik münasibətlər sərgiləmələri, eyni zamanda, xalqı ələ salmaları, dövlətin siyasətinə müxalifətçi kimi deyil, məhz düşmən münasibəti nümayiş etdirmələri, şər-böhtan aparmalarını “siyasətlərinin qayəsi” kimi etiraf etmələri sağlam düşüncəli ictimai rəydə kəskin qınaq hədəfinə çevrilib. Artıq insanlar rüsvayçılar yığnağının məqsədlərinin, daha dəqiq isə məqsədsizliklərinin aşkar şahidi olmaları ilə yanaşı, həm də şəxsiyyət olaraq normal formalaşdıqlarını görməkdədirlər. Əbəs deyil ki, artıq tanınmış siyasi-ictimaiyyət adamları, siyasi partiya təmsilçiləri də bu faktları şərh edərkən, “Milli Şura”nın sözün əsl mənasında qeybətxana qurumu, söyüş və təhqir məkanı olduğunu deyirlər.
“Əvvəla, onu deyim ki, bu Milli Şura anlayışının özünü başa düşə bilmirəm. Bunları kim yaradıb? 3-5 nəfərin bir toplusudur. Özlərini xalqın ”cəfakeşi" kimi göstərməklə guya belə bir qurum yaradıblar, ölkədəki siyasi hakimiyyətə müxalifdirlər. Mən müxalifətçiliyin əleyhinə deyiləm. Hər bir dövlətdə müxalifət olmalıdır. Amma müxalifət də gərək sağlam olsun. Müxalifət dağıdıcılıqla, şər-böhtanla, qarayaxma ilə məşğul olmamalıdır”.
Hüquq müdafiəçisi: “Əvvəllər də demişəm, yenə də deyirəm, düşmənçiliyi də gərək kişi kimi aparasan”
SİA xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, əslində müxalifət hakimiyyətdə olanların qüsurlu məqamlarını üzə çıxarıb, əsaslı şəkildə ortaya bir variant, layihə qoymaqla bu səhvlərin düzəldilməsini, düzəlməzsə, özləri gələrlərsə, hansı yollarla bunu edəcəklərini göstərməlidir. Amma təəssüflər olsun ki, bizdə hazırkı real müxalifət tamamilə fərqlidir: “Həm xaricdə, həm də daxildə müxalifət partiyalarının üzvü olaraq, “beşinci kalon” yaradıb, ölkənin siyasi rəhbərliyinə, ölkədəki müvafiq qurumlara, vəzifəli şəxslərə böhtan atmaqla məşğul olurlar. Belə hesab edirlər ki, bununla hansısa bir siyasi mübarizə aparırlar”.
Hüquq müdafiəçisi hesab edir ki, hətta düşmən mövqedə dayananda belə, onu kişi kimi aparmaq lazımdır. Lakin “Milli Şura”dakı qruplar bu məsələdən tamamilə fərqlidirlər və nəinki dövlətin, hakimiyyətin, həm də xalqın düşməni olaraq davranırlar: “Əvvəllər də demişəm, yenə də deyirəm, üzr istəyirəm, düşmənçiliyi də gərək kişi kimi aparasan. Təəssüf edirəm ki, bu adamlar hətta söyüşdən, təhqirdən belə çəkinmirlər, vəzifəli şəxslərə qarşı çox iyrənc formada fikirlərini çatdırırlar. Bu kişiliyə sığan bir şey deyil. Unutmasınlar ki, onların hər birinin söyüşünü Azərbaycanın qız-gəlinləri, ziyalılarımız, ağsaqqallarımız görür. Bunun bir adı var - əxlaqsızlıq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri: “Daha çox insan görməlidir ki, bunlar xaricdə oturub, oradan maliyyələşirlər, müəyyən dairələrin dedikləri ilə hərəkət edirlər”
Ç.Qənizadə heç vaxt “Milli Şura”nı qəbul etmədiyini bildirməklə yanaşı, bildirib ki, orada 5-6 adam oturub müəyyən fikirlərini ortaya qoyurlar. Lakin çox təəssüf ki, fikirlərini yanlış formada ortaya qoyurlar. Xüsusilə, Fransada “siyasi mühacir” adı altında var-gəl edən Qənimət Zahidin açıq-aşkar hakimiyyəti şərlədiyini etiraf etməsi, həmçinin “Milli Şura”nın bütövlükdə işinin bundan ibarət olmasını deməsi özü-özlüyündə oradakıların simalarını, daha dəqiqi isə simasızlıqlarını ifşa edir: “Qənimət Zahidin öz dili ilə deməsi ki, işimiz hakimiyyətə şər atmaqdan ibarətdir, bu onların iç üzünün nədən ibarət olduğunun göstəricisidir. Öz dilləri ilə özlərini ifşa edirlər. Hesab edirəm ki, Qənimət Zahidin dilindən səslənən bu ifadə Azərbaycan mətbuatında daha çox əks olunmalıdır. Daha çox insan görməlidir ki, bunlar xaricdə oturub, oradan maliyyələşirlər, müəyyən dairələrin dedikləri ilə hərəkət edirlər. Bunlar Azərbaycanı sevə bilməzlər. Onlar hakimiyyətə, vəzifəli şəxslərə şər-böhtan atmaqla xaricdəki “dayılarının” sifarişlərini yerinə yetirirlər”. “Milli Şura”nın bundan əvvəlki videolarında beynəlxalq hüquq normalarına, ölkəmizin qanunlarına, əxlaqa zidd olan fikirlər, ifadələr var idi”, xatırladan Ç.Qənizadəyə görə, bütün bunları cəmiyyət görməlidir. Belə ki, bu düşmən xarakterli qurumun daxilindəki rüsvayçı əməlləri, oradakıların biabırçı, siyasətdən kənar, bilavasitə düşmən dəyirmanına su tökməyə hesablanmış addımları məhz mediada tez-tez işıqlandırılmalı, ictimai rəyin diqqətinə çatdırılmalıdır. Çünki onlar ifşa olunduqca, daha ağır məğlubiyyətlərə doğru yuvarlanırlar: “Milli Şura”nın fəaliyyətinə qiymət verən insanlardan olmasam da, onların içərisində olan insanların fikirlərinin mətbuatda daha çox işıqlandırılmasının, vətəndaşlarımıza çatdırılmasının tərəfdarıyam".
Göründüyü kimi, “Milli Şura”nın “zoom” toplantıları özü-özlüyündə oradakı “siyasi başbilənlərin” məqsədlərinin nədən ibarət olduğunu aşkarlamış olur. Hüquq müdafiəçisi onu da hesab edir ki, bu gün müxalifət cinahında təmsil olunan siyasi partiyalar da bu qurumdakıların əməllərinə qarşı etirazlı, sərt fikirlərini bildirməli, “Milli Şura”nın yararsız, xalqa, dövlətə düşmən qurum olduğunu bəyan etməlidirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB