"Kim qanunun tələblərini pozursa mütləq cəzalandırılmalıdır" ÖZƏL-MÜNASİBƏT
"Koronavirus pandemiyası ilə mübarizəyə dövlətimiz bütün imkanlarını səfərbər edib. Məhz dövlətimizin düzgün və vaxtında yanaşmasının göstəricisidir ki, Azərbaycanda pandemiya nəzarət altında saxlanılır. Amma bu mübarizədə təkcə dövlətin fəaliyyəti kifayət etmir. Bu prosesdə vətəndaşlar da yaxından iştirak etməlidir. Amma bir qisim insan bu prosesdə nəinki iştirak etmir, hətta aparılan uğurlu proseslərə ləkə gətirmək yolunu tutub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan polisi gecə-gündüz ölkədə asayişin keşiyində dayanır: "Polis əməkdaşları bu ağır prosesdə öz həyatını təhlükəyə ataraq tətbiq olunmuş karantin rejimində fədakarlıq göstərir və cəmiyyətin sağlamlığının qorunması üçün öz öhdəsinə düşən vəzifəsini layiqincə icra edir. Amma çox təəssüf ki, bəzi şəxslər bu günün əsas tələbi olan qapalı məkanlarda tibbi maskadan istifadə etmir və hərəkətinə qadağalar tətbiq olunduğu vaxtlarda polisin işini ləkələmək məqsədilə küçələrə çıxır, öz vəzifəsini icra edən polis əməkdaşlarını təhqir edir və təhqiramiz hərəkətlərə məruz edir. Əvvəla onu qeyd etmək istəyirəm ki, polis əməkdaşları bizim sağlamlığımız və təhlükəsizliyimiz naminə iş başındadırlar və öz vəzifəsini layiqincə icra edir. İkincisi isə kim qanunun tələblərini pozursa mütləq cəzalandırılmalıdır. Haradasa polis ictimai asayişi pozan insanlara qarşı tədbir görürsə və ona görə polis əməkdaşlarını qınaq obyektinə çevirirlərsə, təhqirlərə məruz edirlərsə, belə insanlar ya geri təfəkkürlüdür, ya da müəyyən radikal dairələrin təsiri altına düşüb onların tapşırıqlarını icra edirlər. Həm də sosial şəbəkələrdə polisin ünvanına təhqirlərin və söyüşlərin yağdırılmasını mövzu edənləri xalqa və dövlətə düşmən kəsilmək kimi hesab edirəm. Bu gün polisin xidməti vəzifəsinin icrasında çəkdiyi əziyyəti görməmək millətin gələcəyinin məhv olunmağını istəmək kimi başa düşürəm. Biz polisimizlə fəxr etməliyik və onun öz vəzifə borcunu yerinə yetirilməsinə hər bir vətəndaş yardımçı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB