"Ədalətsizlik və sifarişlərin yerinə yetirilməsi AŞPA-nın əsas fəaliyyət istiqamətidir" ÖZƏL-MÜNASİBƏT

"AŞPA üçün hüquq və ədalət prinsipi əsas deyil. Bu qurum üçün əsas müvafiq dairələrin sifarişlərini icra etmək, insan hüquq və azadlıqları şüarı altında müəyyən ölkələrin daxilində sabitliyi pozmaqla bizim kimi ölkələrin güclənməsinə və müstəqilliyin möhkəmlənməsinə xələl gətirməkdən ibarətdir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün ABŞ və Qərb ölkələrində insanlara qarşı polis zorakılığı, döyülmə, itlərə yedirtmə, atların təpikləri altında tapdalama və öldürmə halları baş alıb getməkdədir: "AŞPA belə halları görməməzliyə vurur və heç nə baş verməmiş kimi susqunluqla qarşılayır. Azərbaycanda isə karantin rejimi pozanlara, ölkədə siyasi sabitliyi pozmağa və dövlət müstəqilliyinə xələl gətirmək istəyənlərə hüquqi tədbirlər görüldükdə AŞPA-nın yadına insan haqları düşür. Ədalətsizlik və sifarişlərin yerinə yetirilməsi AŞPA-nın əsas fəaliyyət istiqamətidir. Cənab Prezidentin qeyd etdiyi kimi AŞPA-nın bizim haqqımızda qəbul etdiyi, hazırladığı hesabatlar bizim üçün kağız parçasından başqa bir şey deyil. Heç kimin məsləhətinə ehtiyacımız yoxdur. AŞPA isə öz ikili standartlara əsaslanan mövqeyini davam etdirməkdə olsun. Biz hüquqi demokratik dövlət yaratmışıq və ölkəmizdə insan hüquq və azadlıqları yüksək qorunur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə