Sülhəddin Əkbərdən Əbülfəz Elçibəyə ittiham: DTK AGENTİ OLUB

“Milli demokratik hakimiyyətin” əksər çoxluğu DTK-nın Bakı rezidenturasının agentləri olublar

1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbər “Azadlıq” radiosuna verdiyi müsahibəsində ənənəvi müxalifət düşərgəsini bir-birinə vuracaq ittihamlar və iddialar irəli sürüb. SİA xəbər verir ki, 1993-cü ilin iyununda baş verən və mərhum eks-prezident Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayan S.Əkbərin ən səsli-küylü, hətta sensasion iddiası isə onun Rusiyanın xüsusi xidmət orqanlarının agenti olması ittihamıdır. Belə ki, ittihamın əsas tərəfi Rusiya xüsusi xidmət orqanlarının özlərinə sadiq adamlarını Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik strukturlarına yerləşdirməsi məsələsidir. Məhz bu məsələdə Ə.Elçibəyin aagentura şəbəkəsində rol aldığını iddia edən AzDP sədri o dövrdə yenicə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunduğunu xatırladıb. “İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi”, deyən S.Əkbər hətta həmin arxivlərin onun da üzünə bağlı olduğunu deyib. O, sensasiya yaradacaq daha bir faktı ilk dəfə olaraq ictimailəşdirib və bildirib ki, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi: “Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında "KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi”.

“Prezidentə məruzəmdən sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı”

Bu gün özlərini “milli demokratlar”, “milli mücadiləçilər” kimi adlandıran ənənəvi müxalifət partiyalarının əksər rəhbərlərinin bilavasitə DTK-ya işləmələri faktlarını sadalayan S.Əkbər həmçinin bildirib ki, o əlində olan araşdırmaların nəticələrini Elçibəyə məruzə edib və... Prezident heç bir tədbir görmədi, hətta ona qarşı kampaniyanın başladılmasına start verildi. SİTAT: “Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

“Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub”

Beləliklə, arxivlərin açılmasına qoyulan qadağadan tutmuş, eks-prezident Əbüləz Elçibəyin də agentura məsələsinə biganə yanaşması, daha dəqiqi isə, S.Əkbərin faktları ortaya çıxarmasından sonra ona qarşı kampaniya başlatması məsələsində canfəşanlıq göstərməsi onun Elçibəyin də həmin şəbəkədə yer alması iddiasına əsaslanır. AzDP sədri əlavə edib ki, hətta onu vəzifəsindən müxtəlif səbəblərlə kənarlaşdırmağa çalışan da məhz Elçibəy olub. SİTAT: “Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub. Mənə dedilər ki, prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də onun yanındadır. Əbülfəz bəy, İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinyət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni, mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum”.

Bəs İsa Qəmbər nəyə görə Sülhəddin Əkbərin MTN-ə rəhbər təyin olunmasını istəyib?

“Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım”, deyə xatırladan S.Əkbər sonradan Elçibəyin onun nazir kimi namizədliyinin irəli sürülməsinə də qəti etirazını bildiribmiş. Yeri gəlmişkən, İ.Qəmbər artıq Müsavat partiyasının başqanı, S.Əkbər isə onun müavinlərindən biri idi. İ.Qəmbər S.Əkbərin nazir olması təklifini irəli sürərkən, Ə.Elçbəy bu təklifə qarşı çıxıb: “Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə "siz görün kimi müdafiə edirsiniz" deyib. O, gəlib filankəslərin haqqında filan məlumatları verir, siz isə o adamın Milli Təhlükəsizlik naziri təyin olmasını istədi. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar da həyatdadılar".

Bu arada daha bir xaırlatmanı da etmək olar ki, DTK agenti kimi İ.Qəmbərin də adı dəfələrlə mətbuatda hallanıb, müxtəlif faktlar ortaya qoyulub. Çox yəqin ki, İ.Qəmbər S.Əkbərin MTN-ə rəhbərlik etməsi təklifini irəli sürərkən, o belə bir məxvi orqanda da öz adamının olmasını istəyib.

Göründüyü kimi, bu gün özlərini “milli demokratik qüvvələr” adlandıran qaragüruhçu müxalifətin əsas mənbəyini təşkil edənlərin əskər çoxğluğu bilavasitə DTK agentləri olaraq rezidentura şəbəkəsində fəaliyyət göstəriblər. Digər tərəfdən, S.Əkbərin iddiaları səsləndirməsi və onun sözlərini təsdiq edən şəxslərin bəzilərinin həyatda qalması barədə dedikləri də onun yalan danışmadığını nümayiş etdirir. Hər halda, o istəsəydi bu barədə danışmaya, faktları, arxivləri açıqlamaya da bilərdi. Ancaq göründüyü kimi, artıq hər şey göz önündədir və bu iddialar, ittihamlar ənənəvi müxalifəti bir-birinə vurmağa başlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə