Litva Prezidenti Dalya Qribauskayte gələn həftə Cənubi Qafqaz respublikalarına səfər edəcəkdir. SİA-nın xəbərinə görə, bu səfər Litvanın ATƏT-də sədrliyi və bununla əlaqədar, Cənubi Qafqazda ərazi münaqişələrinin həllinə təsir göstərmək cəhdləri çərçivəsində nəzərdə tutulub.
D.Qribauskaytenin müşaviri Linas Balsis ümid etdiyini bildirib ki, Litva Prezidenti münaqişə iştirakçıları arasında dialoqa stimul yarada biləcəkdir. Prezidentin müşaviri konkret münaqişələrdən söhbət açaraq qeyd edib ki, məsələn, Gürcüstan və Cənubi Osetiya məişət məsələlərinə görə, bir-birinin həyatını mürəkkəbləşdirməkdən çəkinməli, "biri digərinin qazını və ya suyunu kəsməməlidir".
L.Balsis Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq tərəfləri qoşunların təmas xəttində snayperlərdən istifadə olunmasından imtina etməyə çağırıb.
Litva Prezidenti ATƏT-in Daimi Şurasının iclasındakı çıxışında deyib ki, uzanan münaqişələrin tənzimlənməsi ilə bağlı səylər bu təşkilat üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, Qafqaza qarşıdakı səfərindən "etimad ab-havasını möhkəmlətmək" üçün istifadə etməyə çalışacaqdır.
L.Balsis Qafqaza səfərin məqsədini belə şərh edib: "Çox mürəkkəb siyasi vəziyyətə düşmüş bu ölkələrə səfər vaxtı Prezident çalışacaqdır ki, həmin ölkələrin siyasi liderləri arasında dialoq və əməkdaşlıq, insanlar arasında ünsiyyət başlansın, söhbət etmək mümkün olsun. Bu, vasitəçinin çox mühüm vəzifəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB