Abuturiyentlər sağlamlıq haqqında bəyənnaməni necə əldə edəcəklər? AÇIQLAMA-ÖZƏL

Dövlət İmtahan Mərkəzi tərəfindən koronavirus pandemiyasına görə təxirə salınmış imtahanların keçirilməsinə başılanılıb. Belə ki, iyun ayının 6-sı və 7-sindən etibarən hər həftə sonu bu imtahanlar keçiriləcək”. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə məlumat verib.

Ayın 6-sı və 7-ində keçiriləcək imtahan cədvəlinin DİM-in rəsmi saytında yerləşdirildiyini deyən qurum sözçüsü abituriyentlərdən həmin cədvələ daxil olaraq imtahanlarının vaxtlarını müəyyənləşdirməyi xahiş edib.

O bildirib ki, kütləviliyin qarşısını almaq üçün DİM tərəfindən imtahanlar lokallaşdırlıb: “Yuxarıda qeyd olunan tarixlərdə 40-a yaxın rayon üzrə imtahanların keçirilməsi nəzərdə tutulur. Belə ki, həmin tarixdə 9-11-ci siniflər üzrə buraxılış, rus bölməsi üzrə təhsil alan 9-11-ci sinif şagirdləri üçün Azərbaycan dili və 9-ci sinif təhsil bazasından əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı keçiriləcək. İki gün rəzində müxtəlif növ kontingenti əhatə edən imtahanların keçirilməsi nəzərdə tutulur”.

X. Xanlarzadə qeyd edib ki, digər bölgələrdə təhsil alan şagird və abituriyentlərin imtahan qrafiki 1 həftə öncədən elan olunacaq: “Cari ilin 11-ci sinif abituriyentləri unutmamalıdırlar ki, onlar təhsil aldıqları məktəbin ərazisinə uyğun olaraq imtahan verəcəklər. Misal üçün əgər mən Yasamalda yaşayıram və Nərimanov rayonunda yerləşən məktəbdə təhsil alıramsa, demək ki mənim imtahanım Nərimonov rayonunun şagirdləri üçün keçiriləcək imtahan gününə təsadüf edəcək. Yəni imtahanlar yaşayış yerinə görə deyil, təhsil aldıqları əraziyə görə keçirilir”.

Sektor müdiri söyləyib ki, 9-ci sinif təhsil bazasından əvvəlki illərin məzunları üçün isə qayda fərqlidir: “Belə ki onlar yaşadıqları əraziyə yaxın imtahan mərkəzində sınağa çəkiləcəklər”.

Qurum sözçüsü vurğulayıb ki, imtahanlara buraxılış vərəqlərinin əldə edilməsi çox vacib məsələdir: “Artıq yaxın günlərdə keçiriləcək imtahanda iştirtak edəcək abituriyentlər DİM-in saytından bu vərəqələri əldə edə bilərlər. Buraxılış vərəqələri həm də abituriyentlərin imtahanların keçiriləcəyi məkan və saatı haqqında məlumat əldə etməsi baxımında da çox vacibdir. Bu il pandemiyaya görə, imtahanlarla bağlı tətbiq olunan yenilik abituriyentlərdən sağlamlıq haqqında bəyənnamənin tələb edilməsidir. Sağlamlıq haqqında bəyənnamə buraxılış vərəqəsinin ikinci səhifəsində yerləşdirilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə