AXC-Musavat iqtidarının hərbi “uğurları” barədə - MƏQALƏ

Son vaxtlar AXC-Musavat iqtidarı dövründə torpaqlarımızın böyük hissəsinin azad edilməsi, ordumuzun Xankəndinin yaxınlığına qədər(hərə insafına görə bir rəqəm söyləyir) gedib çıxması barədə “rəvayətlər” söylənilir. Əhalinin məlumatsızlığından istifadə edən “siyasi xadimlər” “uğurlu hərbi əməliyyatlar” haqqında ağlasığmaz yalanlar uydurmaqdan çəkinmir, birillik iqtidarın “cahanşümul qələbələrindən” ağız dolusu danışaraq prezident İlham Əliyevi onlar kimi “cəsarətli” olmamaqda günahlandırırlar.

Bəs, həqiqət necədir? Doğrudanmı AXC-Musavat hakimiyyəti hərbi sahədə böyük uğurlar qazanmış və torpaqlarımızın böyük hissəsini azad edə bilmişdi?

1992-ci ilin iyununda başlayan hərbi əməliyyatlar Azərbaycanın uğuru, yoxsa fəlakətlərinin başlanğıcıdır?

Bu suallara AXC-Musavat hakimiyyətinin aparıcı şəxslərinin müxtəlif dövrlərdə, müxtəlif məqsədlərlə söylədikləri fikirlərlə aydınlıq gətirək və “uğurlu əməliyyatlar” barədə nağıllar danışanları vicdanları ilə baş-başa buraxaq.

Beləliklə, Azərbaycan xalq Cəbhəsi 1992-ci ilin birinci yarısında həyata keçirdiyi zorakı hakimiyyət çevrilişini saxta prezident seçkiləri ilə “qanuniləşdirdi”. Cəbhə liderlərinin fəaliyyəti, seçkiqabağı kampaniya dövründə verdikləri fantastik vədlər, xüsusilə, Qarabağı qısa müddətə, asanlıqla (sərhədləri bağla qurtarsın getsin – Əbülfəz Elçibəy) azad edəcəkləri barədə söylədikləri əhalidə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin zəfər yürüşünə böyük inam yaratmışdı. Hamı bu yürüşü gözləyirdi. Yürüşü reallaşdırmalı olan ordu isə hərbi əməliyyatlara qətiyyən hazır deyildi. Bunu prezidentin məsləhətləşdiyi hərbi mütəxəssislər dəfələrlə söyləmiş və nizami ordu qurmaq üçün lazım gələrsə ermənilərlə atəşkəs haqqında saziş imzalamağı təklif etmişdilər. Xüsusilə, prezident Ə.Elçibəyin Azərbaycana ürəkdən yanan hərbi müşaviri Yaşar Paşa hərbi əməliyyatların fəlakətli nəticələr verəcəyini dəfələrlə söyləyərək ordu quruculuğuna başlamağı acizanə xahiş etmişdi. Bu dəyərli hərbçi Müdafiə Komitəsinin iclaslarında hərbi mütəxəssislərin mövqeyini ifadə edərkən təhqirlərlə üzləşmiş və Pənah Hüseynin yazdığına görə hətta dəfələrlə ağlamaq həddinə gəlib çatmışdı.

Azərbaycan Respublikasının vətəndaşı olmayan türk zabiti xalqımızın hansı faciələrə sürükləndiyini görürdü və “Azərbaycanı məhv etməyin” – deyib fəryad qoparırdı.

Hərbi mütəxəssislərin olduqca məntiqli, inandırıcı arqumentləri Prezident Əbülfəz Elçibəyi və onun komandasını ciddi şəkildə narahat etməyə bilməzdi. Ölkəyə rəhbərlik edənlər yaxşı dərk edirdilər ki, ordu həqiqətən hərbi əməliyyatlara hazır deyil və heç bir nizam-intizama tabe olmayan, siyasiləşmiş dəstələr Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükədir. Nizami ordu yaratmaq üçün hərbi mütəxəssislərin məsləhətlərinə qulaq asaraq qəti şəkildə dövlətçilik maraqları əsas götürülməli, qeyri-populyar addimlar atmaqdan , hətta ermənilərlə atəşkəs sazişi imzalamaqdan çəkinilməməlidir. Bu hədsiz dərəcədə mühüm əhəmiyyətə malik olan əlavə vaxt qazanmağa imkan verəcək və güclü ordu yaratmaq üçün əlverişli şərait yaradacaqdı.

DÖVLƏTİN VƏ XALQIN TALEYİ ORTADA İDİ.

AXC-Musavat iqtidarı nə qədər çətin olsa da Azərbaycanın dövlətçilik maraqlarının tələb etdiyi yolu tutmalı, vəziyyəti xalqa izah etməyə çalışmalı idi.

Bəs, vədlər?

Bəs, hər şeyi qısa müddətə həll edəcəklərini söyləyən avantüristlərin götürdükləri öhdəliklər necə olsun?

Bu qədər yalanlardan sonra hərbi əməliyyatları dayandırıb, atəşkəs haqqında saziş imzalayıb, nizami ordu quruculuğuna başlansaydı fantastik vədlərlə aldadılməş və təcili qələblər gözləyən xalq buna nə deyərdi?

Sabiq Baş nazir Pənah Hüseyn həmin dövrdə yaranmış vəziyyət barədə yazırdı: “AXC hakimiyyəti kimi tanınan Elçibəy iqtidarı kütlədə onunla bağlanan fantastik ümidləri, etiraf etmək lazımdır ki, xeyli dərəcədə məhz bizim köməyimizlə (Baş nazir “təvazökarlıq” edib əhalinin “cahanşümul qələbələr” ruhunda köklənməsində oynadıqları rolu azaltmağa çalışır – A.S.)formalaşmış ümidləri (Qarabağ müharibəsinin qalibiyyətlə başa çatması, əmin-amanlıq, haqq-ədalət hakimiyyəti və firavanlıq cəmiyyətinin dərhal bərqərar olması və s.)doğrultmadı və doğrulda da bilməzdi.”

Qəribə vəziyyət yaranmışdı?

Bir tərəfdən aldadılmış xalq qələbələr gözləyirdi və təcili olaraq hərbi əməliyyatlara başlamağı tələb edirdi.

Digər tərəfdən aydln idi ki, xalqın, dövlətin mənafeyi naminə atəşkəs haqqında saziş imzalamaq və gələcək döyüşlərə ciddi surətdə hazırlaşmaq lazımdır. Bu məqamda ictimai rəyin arxasınca getmək avantüra idi və bu yol xalqımızın ağır faciələr yaşamasına,torpaqlarımızın işğal olunmasına gətirib çıxara bilərdi.

AXC-Musavat iqtidarı avantüra yolunu seçdi və xalqa xəyanət mövqeyi tutdu.

Təcili hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul olundu və təbii ki, bu qərarın icrasını vəziyyəti düzgün qiymətləndirən hərbçilərə tapşırmaq mümkün deyildi.

Yalan vədlərlə insanları aldadıb hakimiyyətə gəlmiş AXC-Musavat iqtidarına hərbi işdən başı çıxan və həqiqətin gözünə dik baxmağı bacaran hərbçilər gərək deyildi. Avantürist iqtidara avantürist “sərkərdə” tələb olunurdu və bu rola Surət Hüseynovdan uğurlu namizəd tapmaq mümkün deyildi.

1992-ci il iyunun 12-də yeni seçilmiş prezidentin andiçmə mərasimini gözləmədən Ağdərə istiqamətində hazırlıqsız hücum əməliyyatları başladı. Hərbi mütəxəssislərin dəfələrlə xəbərdarlıq etdikləri kimi ordumuzun səviyyəsi bu əməliyyatları aparmağa imkan vermirdi və aydın idi ki, Gəncədə yerləşən rus desant diviziyasının yardımı olmadan ugur qazanmaq qeyri-mümkün olacaq. Surət Hüseynovun həmin diviziyanın komandiri Şerbakla çox “mərhəm” münasibətlərinin nəzərə alan iqtidar Ağdərənin alınmasını təşkil etməyi ruslarla “danışmaq” səlahiyyətini ona verdi.

Müdafiə Nazirliyindən alınmış “kisə-kisə pulların” (Pənah Hüseyn) hesabına Gəncədə yerləşən rus diviziyası hərbi əməliyyatlara başladı və tezliklə Ağdərə rayonunu, həmçinin Şaumyankənd və ətrafını azad etdi.

AXC-Musavat iqtidarının “hərbi qələbələrindən” danışanlar sabiq baş nazir P.Hüseynin sözlərinə diqqət edin. Hərbi əməliyyatların aparılmasını Gəncədəki rus diviziyası dövlətimizdən “kisə-kisə pulları”alaraq təşkil edirdi.

Hərbi əməliyyatların ruslar tərəfindən aparılması barədə başqa bir şahidin-müdafiə naziri R.Qazıyevin ifadəsinə qulaq asın:”Mənim işim orada(Daşkənddə-A.S.)Şuşanın məsələsini həll edib,sonra Bakıya qayıtmaq olub... Çünki Qraçov

mənim yanımda telefonu götürüb demişdi ki,Valeri(rus diviziyasının komandiri V.Şerbak-A.S.)müdafiə naziri bizə çox kömək edib(?-A.S.)ona kömək elə.Şerbak da mənə demişdi ki, o sözü mənə desin,sənin işin yoxdu, mən gecəliklə onları(erməniləri-A.S.) vurub çıxaracağam, amma sənin müdafiədə adamların olsun, çünki, gündüz çöldə bir adamım olsa atamı yandırarlar”(“Xural” qəzeti,18-24 mart 2007-ci il).

AXC-Musavat iqtidarının “hərbi uğurları” bu cür “təşkil olunurdu”. Rus diviziyası əraziləri böyük pullar qarşılığında azad edib,bizim “şanlı” hökumətə təhvil verir, onlar isə utanmadan qazandıqları “hərbi qələbələrlə” öyünürdülər. Lakin bu proses uzun sürmədi.92-ci ilin sentyabr-oktyabr aylarından başlayaraq rus hərbi qüvvələri ermənilər tərəfdən müharibəyə qoşuldu və azad olunmuş ərazilərin əsas hissəsi ermənilərin nəzarətinə verildi.Üstəlik əlavə bir neçə rayon da itirildi.

Əvəzində isə xarici siyasətimizə ağır zərbə vuruldu və Qarabağ problemi üzrə danışıqlarda diplomatiyamız həddindən artıq əlverişsiz vəziyyətə düşdü. Təsadüfi deyil ki, sabiq Xarici İşlər naziri Tofiq Qasımov Agdərənin və Şaumyankəndin azad olunmasını təxribat adlandırır, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunması üçün ABŞ-ın yüksək dövlət dairələrindən razılıq alındığını və həmin hərbi əməliyyatlar nəticəsində bu imkanın əldən çıxdığını bildirərək deyirdi:

“Vaxtilə belə bir təıminat Beykerin ABŞ-ın Dövlət katibi olan vaxtında mənimlə söhbətində alınmışdı. Amerika bu münaqişəni həll etməyi öz üzərinə götürməyə razılıq vermişdi. Ağdərənin alınmaslna qədərki dövrdə bu məsələnin doğrudan da diplomatik yollarla həll olunmağına real imkanlar yaranmışdı. Çox təəssüf ki, Rusiyanın əli ilə (Rusiyanın bu əməliyyatlarda iştirakı təkcə Şerbakın Gəncədəki diviziyasının hərbi yardımı ilə məhdudlaşmırdı- müəllif) tərədilən təxribat, (hər halda mən bunu belə hesab edirəm) Ağdərə, Goranboy hadisələri münaqişənin diplomatik yolla həllini dayandırdı” (“Müxalifət” qəzeti 14 oktyabr 1993-cü il)

Beləliklə, Rusiya Ağdərəni öz hərbi qüvvələri hesabına azad etməklə bir tərəfdən ABŞ-ın problemin həllinə yönəlmiş diplomatik fəallığının qarşısını aldı, digər tərəfdən Surət Hüseynovu real gücə çevirmək istiqamətində əsas mərhələnin başlanğıcını qoydu. Bundan sonra AXC-Musavat iqtidarının gözündə Surət Hüseynov ən böyük sərkərdəyə çevrildi və onun bütün istiqamətlərdə yüksəlişi başlandı.

Əvvəlcə,vəziyyətə nəzarət edə bilmədiyi bəhanə gətirilərək Prezidentin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Əlisaab Orucov vəzifəsindən azad edildi. Və onu kimin əvəz edəcəyi əvvəlcədən aydın idi. Pənah Hüseynovla söhbətdəın keçdikdən sonra onu dərhal Prezident qəbul etdi və məsələ qısa müddətdə həll olundu. 2 iyul 1992-ci il tarixli fərmanla Surət Hüseynov Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndısi və Baş Nazirin müavini təyin olundu.Surət uğrunda mübarizədə Prezident Aparatından geri qalmaq istəməyən Müdafiə naziri Rəhim Qazıyev onu özünün 8 avqust 1992-ci il tarixli əmri ilə Qarabağ bölgəsinin silahlı qüvvələrini əhatə edən 2-ci korpusa komandir təyin etdi.

Sonralar Pənah Hüseyn yazırdı ki,”mənə Surət Hüseynov özü demişdi ki, ona prezidentin səlahiyyətli nümayəndəsi olmaqdan daha artıq həmin vəzifə lazımdır. Çünki o həmin səlahiyyəti (yəni Qarabağ üzrə bütün qoşunların komandanlığını) alsa 2 aya Stepanakerti alacaq. Sizi inandırıram ki, o çox inandırıcı danışırdı və az qala məni də inandırmışdı”.

Heç bir əndazə gözləmədən gen-bol vədlər verən Azərbaycan Xalq Cəbhəsi rəhbərləri üzərlərinə düşən məsuliyyətin ağırlığına dözməyə qadir olmadıqlarından, səriştəsizliklərindən günbəgün itirdikləri nüfuzu qaytarmaq üçün ən ağılsız vədlərə, yalanlara inanmağa hazlr idilər.

Hakimiyyətə gələn insanların kimliyini daha yaxşı anlamaq üçün başqa bir hadisəni xatırlamaq yerinə düşər. R.Qazıyev: “18 iyunda(1992-ci il-A.S.) mən bunları dəvət elədim. Şerbaka pul verib (Yenə Şerbak, yenə pul-A.S.), 360 nəfərdən ibarət ilk desant batalyonunu hazırlamışdıq...

Rəsmi hissə qurtarandan sonra gəldik qonaq evinə... İsa (Prezident səlahiyyətlərini bir gün əvvəl təhvil vermiş parlament sədri İsa Qəmbər-A.S.)orada kefləndi.

...Əlində badə vardı,”Valeri, mı xoroşie rebyata”deyib, tarap vurdu yerə, çilik-çilik elədi”.(“Xural”qəzeti, 18-24 mart 2007-ci il).

Azərbaycan rəhbərliyinə bu səviyyəyə, bu mənəviyyata malik insanlar gəlmişdilər və onlar hakimiyyətdə qalmaq üçün hər şeyə hazır idilər. Surət Hüseynov kimi avantüristlər üçün bundan münbit şərait mümkün deyildi. Ona verilən geniş səlahiyyətlərdən, yaradılan imkanlardan istifadə edən Surət Hüseynov o dövrdə mühüm əhəmiyyətə malik olan aviasiyaya nəzarəti də ələ keçirdi. Müdafiə naziri Rəhim Qazıyev aviasiyadan istifadə səkahiyyətini Surət Hüseynova verdi. Onun bu addımı nə üçün atdığı aydın idi, ancaq hansı dəlillər gətirilərək bu əmr əsaslandırılmışdı və bu hərəkətə nə üçün hakimiyyət nümayəndələrindən heç kim etiraz etməmişd? Aydın deyil.

Bir tərəfdən yay kampaniyası zamanı qazanılan hərbi uğurlar, digər tərəfdən Surət Hüseynovun bölgədə fövqəl səlahiyyətlərə malik olması, özbaşınalığa, qanunların və hərbi nizamnamənin nəzərə alınmamasına gətirib çıxarırdı. Lakin, AXC-Musavat iqtidarı bütün bunlara görə “böyük sərkərdənin” xətrinə dəymək istəmir və ondan növbəti qələbələri qazanmağı xahiş edirdi. Surət Hüseynov və Rəhim Qazıyev isə yalnız onlara məxsus əda ilə oktyabrın 9-na təyin olunmuş parad gününə qədər Laçını azad edəcəklərini söyləyirdilər.

Hərb sahəsindən başı çıxan mütəxəssislər, xüsusilə, prezidentin hərbi müşaviri Yaşar Paşa orduda vəziyyətin nə qədər ağır olduğunu və belə davam edərsə Azırbaycanı böyük fəlakətlər gözlədiyini desə də, “nə Prezident, nə Dövlət Müdafiə Komitəsi, nə də Müdafiə Nazirliyi və onun baş qərargahı harbi sahəyə müdaxilə etməkdən məhrum idi” (P.Hüseyn. Cinayətimiz məğlubiyyətimizdir. “Müxalifət” qəzeti. 30 sentyabr 1993-cü il).

Səriştəsizlikləri və hakimiyyət harisliyi ucbatından verdikləri ağlasığmaz vədlərin, söylədikləri yalanların girovuna çevrilmiş AXC-Musavat iqtidarı ölkədə elə bir vəziyyət yaratmışdı ki, hərbi məsələlərlə bağlı qərarları onları çıxarmalı olan orqanlar yox, “böyük sərkərdələr” Surət Hüseynov və Rəhim Qazıyev verirdilər. Və onlar da qərara gəlmişdilər ki, parad gününə qədər “Laçın bizdə olacaq”. Əməliyyatı icra etməli olan “rus hərbi komandirlərinə veriləsi pullar da təbii göndərilmişdi.” (P.Hüseyn. “Cinayətimiz məğlubiyyətimizdir”. “Müxalifət” qəzeti. 30 sentyabr 1993-cü il..

İlk dövrlər uğurla başlayan əməliyyatlar nəticəsində düşmənin Gorus-Laçın bölməsini məhv edərək Laçının şimaldan bir, cənubdan isə üç kilometrliyində mövqe tutmaq mümkün oldu. Lakin rusların cinah dəyişdirərək ermənilər tərəfdən hərbi əməliyyatlarda iştirak etməsi AXC-Musavat iqtidarının planlarını pozdu və Laçının azad edilməsi əməliyyatı uğursuzluğa düçar oldu.”Laçının azad edilməsi əməliyyatının uğursuzluqla nəticələnməsinin həm hərbi əhəmiyyəti, həm də siyasi sonucları vardı. Məhz bu məğlubiyyətdən sonra Azərbaycanın siyasi və hərbi rəhbərliyi arasında həm hərbi quruculuq, həm də respublikanın siyasi oriyentasiyası kimi məsələlərdə olan ziddiyyətlər daha da kəskinləşdi. Bütün bunlar hadisələrin sonrakı faciəvi inkişafında öz əksini tapdı”. (A.İsazadə. “Azadlıq” qəzeti. 9 oktyabr 1996-cı il.)

Beləliklə, rus hərbçilərinin fəal iştirakı ilə kifayət qədər uğurlu başlayan Laşın əməliyyarı sonradan 5-6 oktyabr 1993-cü il tarixdə rus hərbi birləşmələrinin ermənilərə göstərdiyi böyük yardım nəticəsində ağır məğlubiyyətlə bitdi.Məğlubiyyəti xalqdan gizlədən iqtidar isə ciddi nəticələr çıxarmaq əvəzinə

hərbi parada hazırlaşırdı. Paradın keçirilməsini döyüş ruhunun yüksəldilməsi, düşmənə psixoloji təsir göstərilməsi məqsədilə hərbi qüvvə nümayişi ilə əlaqələndirilmələrinə baxmayaraq, əsil həqiqət başqa idi. Məqsəd AXC-Musavat hakimiyyətinin azalan nüfuzunu heç olmasa saxlamaq üçün növbəti populist addım kimi hərbi paraddan istifadə etmək idi. Və bu addımın gözlənilən nəticəni verməsi üçün iqtidar əvvəlki dövrlərdə olduğu kimi istənilən güzəştə hazır idi. Təsadüfi deyil ki,Müdafiə nazirliyinin Surət Hüseynova Milli qəhrəman adının verilməsi barədə təqdimatının olmasına baxmayaraq oktyabrın 7-də ona prezidentin fərmanı ilə Milli qəhrəman adı yox, fəxri fərman verildi və bu Azərbaycan dövlətinin başçısının adından verildiyi üçün yüksək mükafat sayılmalı idi.Lakin bu təltifi çox kiçik sayan R.Qazıyev paradı pozmaq hədəsi ilə prezidenti oktyabrın 8-də bir neçə gün əvvəl Laçın ətrafında ağır məğlubiyyətə uğrayan S.Hüseynova Milli qəhrəman adı verməyə məcbur etdi.”Tarixdə belə olmayıb ki, məğlub komandirə Milli qəhrəman adı verilə, bizdə oldu”(P.Hüseyn)

Qısa müddətli hakimiyyətləri dövründə AXC-Musavat iqtidarı “tarixdə görünməmiş”çoxlu addımlar atdı və Azərbaycanı olduqca ağır vəziyyətə saldı. Ağır məğlubiyyətə uğramış və əsgərləri qırğına vermiş korpus Laçının azad edilməsi üçün yeni plan hazırladı və 93-cü ilin yanvarında keçirilən əməliyyat daha ağır, daha dəhşətli məğlubiyyətlə qurtardı. AXC-Musavat hakimiyyəti artıq dərk etməyə başladı ki, S.Hüseynova və onun gözlənilmədən mövqe dəyişdirən,”etibarsız” rus dostlarına bağlanan ümidlər özünü nəinki doğrultmur, əksinə Azərbaycana böyük fəlakətlər gətirməklə yanaşı hakimiyyətin nüfuzunu da hədsiz dərəcədə azaldır. Bundan sonra S.Hüseynovla iqtidarın münasibətləri dəyişməyə, başqa xarakter almağa başladı.

Seytnot vəziyyətində olan prezident və onun komandası hazırlıqsız hərbi əməliyyatlara başlamağın, avantüristliyin bəlasını çəkirdi. Bu faciələrə qədər bütün ümidlərini ruslara və onun Azərbaycandakı nümayəndələrinə bağlayan prezident Elçibəy nəhayət, R.Qazıyevi istefaya göndərməyə cəsarət etdi və dedi ki,

”Artıq ruslarla iş görməyəcək”(P.Hüseyn)

Prezident Elçibəyin rus hərbçilərinin “pullu yardımından” imtina etmək barədə 93-cü ilin fevralında verdiyi bu qərardan sonra nəinki bir qarış torpaq azad olunmadı, əksinə, ordu quruculuğunun ləngidilməsi nəticəsində əvvəlcə, Ağdərə və Kəlbəcər, sonra isə digər ərazilərimiz işğal olundu.

AXC-Musavat hakimiyyətinin tez-tez xatırlanan “uğurlu” hərbi əməliyyatlarının qısa tarixçəsi belədir. Məhz həmin dövrdə (12 iyun-6 oktyabr 1992-ci il.) yol

verilən xəyanətlər nəticəsində nizami ordu quruculuğu istiqamətində vaxtında zəruri addımlar atılmadı və ərazimizin 20 faizi ermənilərin nəzarətinə verildi.

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans partiyasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə