Xələf Xələfov: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşdırılmayan məqamlar çoxdur” - MÜNASİBƏT

Xələf Xələfov: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşdırılmayan məqamlar çoxdur” - MÜNASİBƏT

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclası başa çatıb. SİA-nın məlumatına görə, iclasdan sonra Xəzəryanı ölkələrin təmsilçiləri birgə mətbuat konfransı keçiriblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov müzakirələrin nəticələrini müsbət qiymətləndirib: "Bakıda prezidentlərin üçüncü sammitinin təşkilindən ötən dövr ərzində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər Xəzər dənizinin statusu üzrə Konvensiyanın layihəsini razılaşdırılması ilə bağlı danışıqlar prosesinin irəliləməsi məqsədlərinə xidmət edib. Nümayəndə heyətləri iclasın gedişində konvensiya layihəsinin müddəalarının razılaşdırılmasını, dövlət başçılarının sonuncu sammitinin yekunları üzrə konvensiya layihəsi haqqında qəbul olunmuş protokol qərarların reallaşdıırlması üzrə məsələləri müzakirə ediblər".

 

O, layihə ilə bağlı əksər məsələlərdə mühüm irəliləyişlər əldə olunduğunu, yalnız bir neçə məsələnin yenidən müzakirəsinə ehtiyac qaldığını vurğulayıb: "Ancaq razılaşdırılmayan məsələlər çoxdur, eyni zamanda su səthinin istifadə olunması məsələsi. Bildiyiniz kimi son sammitdə dövlət başçıları da protokol qərarı qəbul etdilər. Burada 24-25 milli zona müəyyən etdilər ki, biz onun dəqiqləşdirməliyik və onun rejimini müəyyən etməliyik. Amma bu zonaları konkretləşdirmək, zonalar arasındakı fərqi, rejimlər arasında fərqi, dövlətlərin hüquqları və öhdəlikləri məsələsi razlşadırılacaq məsələlərdəndir. Gəmiçilik, hərbi fəaliyyət açıq qalan məsələlərdir. Yəni açıq qalan məsələlər çoxdur. Ümumiyyətlə, Xəzəryanı dövlətlərin bu istiqəmətdə olan fikirləri, mövqeləri, yanaşmaları çox yaxındır. Təbii ki, işçi görüşlər tələb edir ki, bu yaxınlaşmaları norma şəklinə salaraq üzərində müəyyən razılaşma əldə olunsun və ümumiyyətlə, konsesus əsasında bu konvensiya layihəsi meydana gəlsin".

Onun sözlərinə görə, Xəzərdə hərbi əməkdaşlıq məsələlərinin həllinə müxtəlif yanaşmalar mövcuddur: "Onlardan biri Xəzərin demilitarizasiyası, ikincisi dənizdə hərbi fəaliyyət məsələlərinin nizamlanmasıdır. Tərəflər bütün yanaşmaları nəzərdən keçirir. Bütün ölkələrin bir mövqeyi var ki, dəniz Xəzəryanı ölkələrin rifahına xidmət etməlidir. Başlıcası təhlükəsizliyin bərabər şərtlərinin təmin olunmasıdır".

Yaxın zamanlarda həmin məsələlərin də öz həllini tapacağına ümid etdiyini deyən nazir müavini vurğulayıb ki, bugünkü görüş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcək.

Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qolovin isə Xəzər dənizində hərbi əməkdaşlıq məsələsinin gündəmdə olmadığını vurğulayıb: "Xəzəryanı dövlətlərdən heç biri Xəzərdə sürətlə silahlanma təşkil etməyə hazırlaşmır. Biz bu məsələni konsensus yolu ilə həll etməliyik".

 

İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, Rusiyanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun nümayəndəsi Aleksandr Qolovin, Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi Murat Atacanov, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay iclasın yüksək səviyyədə təşkilinə görə, Azərbaycan hökumətinə təşəkkür ediblər. Qonaqlar görüşün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, nəticələrdən razı qaldıqlarını bildiriblər.

 

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclasın yekunları üzrə kommunike qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə