"Paşinyanın Samvel Babayan seçimi təsadüfi deyil" ÖZƏL-ŞƏRH

"Dağlıq Qarabağın yeni "prezidenti" Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Şuşada "andiçmə" mərasimi keçirdikdən sonra yenidən İrəvanda bir araya gəliblər. Bunun başlıca səbəbi odur ki, Nikol Paşinyan Araik Arutunyanın ona bağlı olduğunu göstərməyə çalışır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Ararik Arutunyan İlham Əliyevin mayın 28-də Dağlıq Qarabağla bağlı çıxışına da reaksiya verib: "İlham Əliyev Azərbaycanın məsələni birdəfəlik həll etməyə hazırlaşdığını vurğulayıb. Araik Arutunyan müharibəyə hazır olduqlarını iddia etməklə yanaşı, münaqişənin "mərhələli" şəkildə həllini o zaman qəbul edəcəklərini bildirib ki, ermənilərin "özmüqəddərat və təhlükəsizlik hüqüqları" təmin olunsun. Araik Arutunyanın dediyi "mərhələli həlli" deyil, "paket həlli" ehtiva edir ki, Azərbaycan heç zaman buna razılaşmayacaq.

Bu arada, Araik Arutunyan "təynatlar" həyata keçirib. Bu "təyinatdan" ikisi maraqlıdır. Separatçıların "xarici işlər naziri" yenidən Masis Mailyan "təyin" olunub. Halbuki, Masis Mailyan "prezident seçkisində" Araik Arutunyanın ikinci turda rəqibi idi. Araik Arutunyan bu təyinatı belə izah edib ki, guya Masis Mailyanın "işinə" davam etməsi faydalıdır. Bunun yalan olduğu aşkardır. Dağlıq Qarabağda nə qədər "bürokrat" var ki, onlardan "xarici işlər naziri" vəzifəsi düzəltmək olsun. Ona görə də seçim imkanı çox olmayan Araik Arutunyan Mailyanla çalışmaq məcburiyyətindədir. Digər tərəfdən Masis Mailyanın "vəzifəsində" qalması Nikol Paşinyanın da maraqlarına cavab verir. Paşinyanın Dağlıq Qarabağın keçmiş "prezidenti" Bako Saakyanla münasibətlərində gərginlik olsa da, Masis Mailyan bu qovğada neytral mövqe tuturdu. Ona görə də Paşinyan Dağlıq Qarabağda "prezident seçksində" Masis Mailyanla Araik Arutunyanın üzərində dayanmışdı.

Araik Arutunyanın ikinci "təyinatı" da diqqəti çəkir. O Samvel Babaynı "Təhlükəsizlik Şurasının katibi" təyin edib. Bu "təyinat" da Paşinyanla razılaşdırıb və bunu Araik Arutunyan gizlətməyib: "Samvel Babayanın təyinatı ilə bağlı qərarı İrəvanda verdik". Araik Arutunyan "Təhlükəsizlik Şurasının" onun üçün vacib qurum olduğunu bildirib.

Samvel Babayan növbəti cinayətkarkardan biridir, torpaqlarımızın işğalında və azərbaycanlılara qarşı müxtəlif qətliamlarda iştirak edib. Samvel Babayan 1990-cı illərdə separatçıların "müdafiə naziri" olub.

Paşinyanın Samvel Babayan seçimi də təsadüfi deyil. Babayanın Ermənistanın keçmş prezidenti və baş naziri Serj Sərkisyanla münasibətlərində problemlər var idi. Sərkisyan 2017-ci ildə onun həbsinə qərar vermişdi. Samvel Babayan Gürcüstandan Ermənistana zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Belə görünür ki, Samvel Babayan 2017-ci ildə Serj Sərkisyanı devirmək planı hazırlayırdı.

Serj Sərkisyanın keçmişdəki rəqibləri isə avtomatik Nikol Paşinyanın müttəfiqlərinə çevrilir. Ancaq Samvel Babayanın həm də Rsuiyadakı mərkəzlərlə sıx əlaqəsi var. Babayan bir müddət Rusiyada yaşayıb. Demək, Paşinyanın Samvel Babayana "vəzifə" verməsi həm də Rusiyaya güzəştin tərkib hissəsi də sayıla bilər. Başqa sözlə Dağlıq Qarabağdakı "vəzifələr" Nikol Paşinyanla Rusiyadakı dairələr arasında güzəşt əsasında bölüşdürülüb.

Araik Arutunyan "kəşfiyyat xidmətinə" isə Kamo Aqandjanyanı "təyin" edib. Bu isim də separatçılar üçün yad deyil, Azərbaycan torpaqlarının işğalında və qətliamlarda iştirak edib. Sonrakı dövrdə separatçıların "müdafiə nazirinin müavini" və "polis rəisi müavini" vəzifələrində çalışıb.

Nikol Paşinyan Dağlıq Qarabağdakı "təyinatlar" vasitəsilə separatçıları nəzarətdə saxlayacağını düşünür. Ancaq baş nazirin Ermənistandakı mövqelərinin zəifləməsi kifayət edəcək ki, Dağlıq Qarabağdakı yeni "rəhbərlər" Paşinyanın rəqiblərinin bayrağını qaldırsınlar...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə