Azərbaycan və Ukrayna prezidentləri telefonla danışdı

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub .
SİA-nın məlumatına görə, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Zelenski 21 may 2020-ci ildə Azərbaycandan Kiyevə gətirilmiş ümumi çəkisi 23 tondan çox olan tibbi material və avadanlıqlardan ibarət humanitar yardıma görə təşəkkür edib.

"Azərbaycan xalqının bu cür dostluq jesti COVİD-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir", - Zelenski deyib.

Tərəflər arasında koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması istiqamətində səylərin daha da əlaqələndirilməsi barədə razılıq əldə olunub.

Söhbət zamanı Ukraynada Azərbaycan investorlarının iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələrin icrası müzakirə edilib.

Vladimir Zelenski Ukraynada və Azərbaycanda karantin rejiminin başa çatması ilə ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın ənənəvi olaraq yüksək dinamikasının bərpa olunacağına əminliyini ifadə edib. O, həmçinin GUAM təşkilatında işə daha çox diqqət yetirməyi də təklif edib.

"GUAM mühüm ticarət və iqtisadi məsələlərin müzakirəsi üçün ciddi bir ittifaq və birlik ola bilər. Bu təşkilata yeni həyat verməliyik", - deyə Ukrayna Prezidenti vurğulayıb.

Söhbətin sonunda Vladimir Zelenski bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan Prezidentinə səmimi təbriklərini, Milli bayram - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə