"Qaydalara əməl etməsək həm yoluxan, həm də ölənlərin sayı arta bilər" RƏY-ÖZƏL

“İnsanlar karanatin rejiminin qayda və tələblərinə son dərəcə diqqətli və şüurlu yanaşmalıdırlar. Dövlət başçısı, eləcə də digər dövlət rəsmilərinin çıxışlarında edilən tövsiyələrin hər biri bizim sağlamlığımız, xəstəlikdən qorunmağımız üçündür. Bu baxımdan düşünürəm ki, hər bir vətəndaş koronavirusdan qorunmaq üçün müvafiq göstərişlərə, qaydalara riayət etməli, gigiyenik vasitələrdən istifadə etməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, vətəndaşların məsuliyyəti olmadığı təqdirdə, tətbiq olunan hər hansı qadağa tədbirləri ilə istənilən nəticəni əldə etmək mümkün deyil: “Bu baxımdan hər kəs özünü, yaxınlarını, ailə üzvlərini qorumalıdır. Azərbaycan dövləti tərəfindən yeni növ koronavirus infeksiyasının geniş yayaılması istiqamətində bütün lazımi addımlar atılıb və bu tədbirlər bu gün də davam etməkdədir. Bundan sonra pandemiya ilə bağlı davam edən proseslərin məsuliyyəti vətəndaşların üzərinə düşür”.

E. Məmmədov söyləyib ki, son dövrlərdə ictimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlarda məsuliyyətsizlik daha çox özünü göstərməkdədir: “Tibbi maska, ara məsafəsi ilə bağlı qaydalara demək olar ki əməl edilmir. İnsanlar küçələrdə, ictimai iaşə və marketlərdə kütləvi yığışmaqla özlərini sanki xəstəliyin olmadığı kimi aparırlar. Bu baxımdan da son günlərin statistikasında yoluxanların sayı artmaqda davam edir. Əgər sosial izolyasiya tədbirlərinə, gigiyenik qaydalara əməl olunmazsa, həm yoluxanların, həm də həyatını itirənlərin sayı getdikcə arta bilər”.

Deputat qeyd edib ki, hər bir vətəndaş dövlətin gördüyü işlərə öz məsuliyyəti ilə töhfə verməli, yardımçı olmalıdır: “Əks halda, dövlət tərəfindən yenidən qadağalar sərtləşdirilə bilər. Bunun olmaması üçün biz vətəndaş olaraq laqeyd olmamalı, müvafiq qaydalara əməl etməliyik. İnsanların gün ərzində ictimai nəqliyyatdan istifadə etməsi başa düşüləndir. Burada xidmət sahələri də insanlar arasında sıxlığın yaranmaması üçün müvafiq addımlar atmalıdır. İctimai nəqliyyat vasitələri arasında vaxt intervalları azaldıla, daha böyük tutumlu avtobuslar istifadəyə verilə, sərnişinlərə qaydalara əməl etməsi üçün ciddi nəzarət edilə bilər. Maskadan istifadə etməyən şəxslərin ictimai nəqliyyata minməsi, ictimai iaşə və ya marketlərə daxil olmasına qadağalar da tətbiq edilə bilər. Əgər xəstəliyin qarşısını almaq, insanlarımızın sağlam olmasını istəyiriksə, bütün müvafiq addımları atmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə