Abutalıb Səmədov: “Bu adamlar heç vaxt hakimiyyətə gələ bilməzlər” MÖVQE
“Milli Şura”nın həmin iclasını mən də izlədim və düzü çox təəssüfləndim. Yəni müzakirələrin bu qədər küçə səviyyəsində aparılması, insanların hətta xanım yanında belə qəbulolunmaz ifadələr işlətməsi, ümumiyyətlə, “Milli Şura”da bu qədər aşağı səviyyəli müzakirələrin aparılması ən azından ictimai rəyi təəssüfləndirən bir məqamdır”. Bu fikirləri SİA-ya Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov “Milli Şura”nın sonuncu virtual konfransında baş verən hadisələrə münasibətini açıqlayarkən deyib.
Partiya sədrinin sözlərinə görə, onların müəyyən cinsi azlıqlar barədə işlətdikləri fikirləri, ümumiyyətlə, idarəetmə iddiasında olan insanların bu qədər aşağı səviyyəli müzakirələr keçirməsi, təhqiredici ifadələri özlərinə yaraşdırmaları müxalifətə kifayət qədər bələd olan insan kimi onu da hiddətləndirdi və təəccübləndirdi. SİTAT: “Onların bu qədər aşağı səviyyəli olmalarını təsəvvür eləməzdim. Onların cinsi azlıqlara müəyyən qədər dözümlülük nümayiş etdirmək barədə dediyi fikirləri, daha çox Avropada buna dəyər verilməsi ilə əlaqələndirmələri məsələsi də təəccüblüdür. Yəni Avropa nəyə dəyər verir, nəyə dəyər vermirsə, bu avropalıların öz işləridir. Təbii ki, insanların cinsi yönümləri də onların şəxsi işləridir və buna kimsə qarışa bilməz. Ancaq buna dözümlü münasibət göstərməyin özü də hakimiyyətə gəlmək marağını daşımaqdadır. Yəni “Milli Şura”dakıların “biz buna mənfi münasibət bildirsək, Avropa bizi qəbul etməz” kimi düşünmələri düzünü deyim ki, ağılasığmaz bir şeydir və mən indi qəti deyə bilərəm ki, bu adamlar heç vaxt hakimiyyətə gələ bilməzlər. Belə səviyyəsiz fikirləri ilə xalqın onları hakimiyyətə gətirməsi mümkün deyil”.
“Yaxşı olardı, araşdırsınlar ki, onların içlərində bunu yayan kimdir və nə məqsədlə yayıb?”
A.Səmədov, virtual toplantının canlı yayım vasitəsi ilə işıqlandırılmasına baxmayaraq, “Milli Şura”nın bu məsələdə də hakimiyyətə böhtan atması məsələsinə münasibətini açıqlayıb və iddia edib ki, toplantının ictimailəşdirilməsində maraqlı tərəf məhz onların öz içlərindəki adamlardır.
“Digər tərəfdən, orada bir neçə nəfər iştirak edib və onların videonu yaymaq ehtimalları daha güclüdür”, deyən ANAP-ın sədrinin dediyinə görə, burada da hakimiyyətə böhtan atmaq məqsədi güdülüb: “Kibercinayətkarlıq” ətrafında qeyri-ciddi fikirlər səsləndirilib. Yəni belə uğursuz cəhdlər də ancaq “Milli Şura” təmsilçilərinin ağlına gələ bilərdi. Yaxşı olardı, araşdırsınlar ki, onların içlərində bunu yayan kimdir və nə məqsədlə yayıb? Çünki bilirsiniz ki, koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev də bu iclasdan sonra “Milli Şura”dan istefa verdi. Ümumiyyətlə, mən bütün bun məsələlərə görə çox təəssüf edirəm. Təəssüf edirəm ki, belə “müxalifət” var”.
“Konstruktivlər birləşməsələr belə, köhnə təfəkkürü müxalifəti yavaş-yavaş oyundan çıxarırlar”
A.Səmədov ölkədə yeni, sivil və destruktivlikdən kənar müxalifətin formalaşdığını da bildirib və qeyd edib ki, belə partiyalar gec-tez küçə təfəkkürlü, qaragüruhçu müxalifəti siyasi arenadan uzaqlaşdıracaq: “Sizə deyim ki, artıq ölkədə bir sıra müxalifət partiyaları var ki, onlar artıq önə çıxmağa başlayıblar və onların ictimai-siyasi proseslərdəki aktivlikləri daha yüksəkdir. Eyni zamanda, onlar daha konstruktiv və xalqın ehtiyacı olan məsələlər ətrafında fikirlər bildirirlər. Hətta deyərdim ki, onlar birləşməsələr belə, köhnə təfəkkürü müxalifəti yavaş-yavaş oyundan çıxarırlar. Çox güman ki, onlar ümumilikdə müxalifət haqqında belə təsəvvürlərin yaranmasını qəbul etmirlər. Bu baxımdan, mümkündür ki, konstruktivlər yaxın dövrlərdə daha yeni müxalifət modelini ortaya qoysunlar. Onlar da yaxşı başa düşürlər ki, Azərbaycanda qaragüruhçu müxaifətçiliyin gələcəyi yoxdur. Nə qədər Azərbaycan xalqı müxalifət deyəndə bu kimi “qüvvələri” düşünəcəksə, onda ölkədə müxalifət nəinki hakimiyyətə gələ bilməyəcək, hətta parlamentə beş-altı nəfəri seçdirməyi də bacarmayacaq. Mən gözləyirəm belə bir şeyi və güman edirəm ki, bu gün artıq kifayət qədər ciddi qüvvələr ortaya çıxır, eləcə də ciddi fəaliyyət göstərirlər. Düzdür, bəzən onlar da bir sıra hallarda şər-böhtana yol verirlər, ancaq hər halda ortada konstruktivlik mühiti var, ortaya nə isə qoyurlar. Yoxsa ki, küçə səviyyəli bəyanatlarla gündəmdə qalmırlar”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB