Mais Səfərli: “Əli Kərimli və Cəmil Həsənli absurd fikirləri ilə insanları çaşdırmaq istəyirlər”
Müxalifət tükənib

Bəşəri bəlaya çevrilən pandemiyanın bütün dünyada, o cümlədən ölkəmizdə tüğyan etdiyi çətin bir dönəm də radikal müxalifət, xüsusilə də "Milli Şura" adlı qondarma qurum öz çirkin əməllərindən əl çəkmir, koronavirusa qarşı mübarizə prosesinə ən cəfəng iddialarla qara yaxmağa çalışır. "Yurddaş" Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, pandemiyanın bütün bəşəriyyətə, o cümlədən ölkəmizə vurduğu zərbələr kifayət qədər təsirlidir: “Doğrudur, təhlükəli xəstəliyin regionumuza ayaq açdığı ilk gündən dövlətimizin rəhbərliyinin atdığı çevik və inamlı addımlar sayəsində epidemioloji vəziyyəti nəzarətə almaq mümkün olmuşdur. Burada söhbət təkcə insanların virusa yoluxmasının qarşısının alınmasından, infeksiyaya məruz qalmış vətəndaşlarımızın müalicəsindən, karantinə götùrülmüş şəxslərə yaradılmış şəraitdən getmir. Epidemiya çoxsaylı iqtisadi, sosial problemlər yaratdı. İnsanların əmək fəaliyyəti iflic vəziyyətinə düşdü. Təsəvvür edin ki, birdən-birə 700 min muzdlu işçi müvəqqəti olaraq öz iş yerlərini bu səbəbdən itirmişdir. On minlərlə sahibkarlıq subyektləri böyük maliyyə zərərləri ilə üzləşdilər. Qeyri-formal sferalarda çalışan yüz minlərlə həmvətənlərimiz qazanc mənbəyindən məhrum oldu. Bir sözlə, böyük sayda insanımız çörəklə, qida ilə imtahana çəkildi”.

M.Səfərli bildirdi ki, ağır vəziyyətin yaranmasına baxmayaraq dövlətimiz, onun lideri İlham Əliyev bir ailəni, tək bir nəfəri belə köməksiz qoymadı: “Ehtiyacı olan hər kəs bu gün dövlətin qayğısı altındadır. İqtisadi subyektlər, iş adamları hökumətin dəstək proqramları ilə əhatə olunmuş, vergi güzəştləri əldə etmişlər. Bütün bu məqsədlər üçün ölkə başçısının sərəncamı ilə 2 milyard dollar həcmində vəsait ayrılmışdır. Belə bir keşməkeşli fonda ölkəmizdəki bəzi siyasi qüvvələr, xüsusilə də radikal düşərgənin təmsilçiləri pandemiya əleyhinə milli mübarizəyə dəstək vermək əvəzinə, görülən işlərə kölgə salmağa çalışırlar. Bu arada hamının riayət etməyə borclu olduğu karantin rejiminin qaydalarını pozanları radikal qüvvələr sosial şəbəkələrdə az qala "siyasi məhbus", "haqqları pozulmüş insanlar" kimi qələmə verirlər. Koronavirusla mübarizəyə bircə qəpik belə ianə verməyən Ə.Kərimli, C.Həsənli və digərləri absurd fikirlər səsləndirməklə insanları çaşdırmaq istəyirlər. Xaricdən "YouTube", "Fasebook" və s. sosial şəbəkələr vasitəsilə yayınlanan İnternet kanallarının "qəhrəmanlarına" çevrilən bu müxalifətçilər, obyektiv gerçəkliyi təhrif etməklə cəmiyyətdə narazılıqlar formalaşdırmaq, ümidsizlik sindromu aşılamaq, insanları radikallaşdıraraq öz tərəfdarlarına çevirmək və gələcək siyasi aksiyalarda onlardan istifadə etmək məqsədi güdürlər”.

Partiya sədri qeyd etdi ki, hazırkı ağır şəraitdə pandemiyanın bəzi insanlarda yaratdığı sarsıntını və psixoloji durumu fürsət bilən radikal müxalifət onların hisslərini manipulyasiya etməklə, sosial şəbəkələrdə, özlərinin iddia etdikləri kimi, "tufan qoparmaq'" istəyirlər: “Onların bu "tufanının" gücü isə, obrazlı desək, bir stəkan suda yarana biləcək "fırtınanın" ekvivalentində ola bilər. Başqa sözlə, normalda ictimai diqqəti çəkə biləcək gerçək kütləvi aksiya keçirmək gücündə olmayan bu adamlar virtual aksiyaların təşkil edilməsinin öhdəsindən heç gələ bilməzlər. Çünki, bu gün Azərbaycan cəmiyyəti öz dövlətinin, Prezidentin ətrafında həmişəkindən də daha sıx birləşib. Radikal müxalifətin keçirə biləcəyi virtual aksiyalar olsa-olsa, "frik şou" təəssüratı yarada bilər. Bunun nə demək olduğunu oxucularınız bilməmiş deyillər. Orta əsrlərdə Avropada küçə sirk ustaları kişilərə qadın paltarı geyindirib, məzhəkəyə qoyardılar və adamlardan pul toplayardılar”. “Belə demək mümkündürmü müxalifətin virtual aksiyasının sifarışçiləri elə həmin "Köhnə Qitədədir" – Avropadadır” sualına cavab olaraq M.Səfərli bildirdi ki, bizim toplum yüksək savad səviyyəsinə malikdir, ağı qaradan çox yaxşı seçməyi bacarır: “Hər kəs yaxşı başa düşür ki, sözü gedən düşərgənin təmsilçiləri öz sözlərini demirlər, Qərbdəki himayədarlarının sifarişlərini yerinə yetirirlər. Sifarişçinin məqsədi isə Azərbaycanı xaosa sürükləmək, ölkədə vətəndaş qarşıdurması yaratmaq, Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək üçün zəmin hazırlamaq , ölkəmizi müstəqil siyasi, iqtisadi kursdan sapdırmaqdır. Vətənini, millətini sevən azərbaycanlı bu dəllalların ardınca gedərmi? Təbii ki yox. Xalqımız onları çoxdan çıxdaş edib. Ölkəmizdə aparılan islahatların nəticəsində cəmiyyətimizdə formalaşan yeni siyasi münasibətlər sistemində də belələrinə yer yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə