Azərbaycan pandemiyaya qalib gəlməyin mümkünlüyünü nümayiş etdirdi ŞƏRH-ÖZƏL
“Ilk olaraq vurğulamaq lazımdır ki, Pandemiya dövründə keçirilən bu görüş Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşüdür. Hələ aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a həsr olunmuş Zirvə Görüşü keçirilmişdir. Bir müddət əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.” Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.
Politoloqun sözlərinə görə, təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir.
“BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, bu zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı videokonfransda BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Avropa İttifaqının ali nümayəndəsinin də iştirakı Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən zirvə görüşünün nə dərəcədə əhəmiyyətli olduğunun ən bariz göstəricisi sayıla bilər.
Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və bu plana uyğun da praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü də bunu göstərir.
Görünən budur ki, Bakı prosesi, Beynəlxalq Humanitar Forum və digər tanınmış beynəlxalq platformalara ev sahibliyi edən Azərbaycan koronavirusla mübarizədə də dünyaya öz töhfəsini verir. Bu təşəbbüs bir daha onu göstərdi ki, Azərbaycan ümumbəşəri dəyərləri yaşadan, eyni zamanda ixrac edən bir ölkədir. İndiyə qədər siyasi, iqtisadi və mədəni sahələrdə yaxın əlaqələri özündə ehtiva edən beynəlxalq qurumlar koronavirusla birgə mübarizə üçün də önəmli bir platforma olduğunu nümayiş etdirmiş oldular. Eyni zamanda, bu videokonfranslar bir çox dövlətlərin bir-birini ittiham etdiyi müasir dövrdə bütün dünyaya verilən həmrəylik, birlik mesajıdır. Təsadüfi deyil ki, videokonfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Azərbaycan hökümətinin və Cənab İlham Əliyevin vəziyyətə adekvat olaraq atdığı addımları yüksək qiymətləndirdi.
Diqqət çəkiləcək önəmli məqamlardan biri də budur ki, Azərbaycan yüksək bəşəri dəyərləri təkcə özündə yaşatmır, eyni zamanda bunu dünyaya ixrac edir. Məhz dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizə Fondu yaradılandan sonra dünyanın bir sıra ölkələrində buna bənzər fondlar fəaliyyətə başladı. Bir çox ölkələrin bizdən götürdüyü nümunə ölkəmizin dünyadakı böyük rolundan xəbər verir.
Ümumilikdə isə qeyd etmək lazımdır ki, bu kimi tədbirlər onu göstərir ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Cənab Prezidentin təşəbbüsü ilə keçirilən hər iki zirvə görüşü onu göstərir ki, Azərbaycan qlobal pandemiya şəraitində ölkələr arasında komunikasiya quraraq körpü yaratmağa müvəffəq oldu və bununla da qlobal əməkdaşlıq və həmrəylik sayəsində pandemiyaya qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi”, deyə Yusif Bağırzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB