Milli Məclis yeni Baş prokurorla bağlı razılıq verdi

Milli Məclis yeni Baş prokurorla bağlı razılıq verdi

Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələyə baxılıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Deputat Vahid Əhmədov deyib ki, Kamran Əliyevi hamımız çox yaxşı tanıyırıq və o, kifayət qədər təcrübəli şəxsdir.

O təklif edib ki, bu səbəbdən çıxışlar olmasın: "Çünki bu gün gündəliyə daxil olan məsələlərin sayı kifayət qədər çoxdur".

Deputat Eldar İbrahimov isə qeyd edib ki, işlədiyi dövrdə Kamran Əliyev özünü peşəkar və təcrübəli prokuror kimi göstərib: "O işlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Eyni zamanda Azərbaycan cəmiyyətində də nüfuzlu prokuror kimi tanınıb.

Spiker Sahibə Qafarova əmin olduğunu bildirib ki, Kamran Əliyev Baş Prokuror vəzifəsini layiqincə yerinə yetirəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə