"Yeni fəsadların baş verməməsi üçün maksimum diqqətli olmalıyıq" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə qeyd etmək lazımdır ki, qəbul edilən adekvat və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda virusun yayılması nəzarətdə saxlanıldı. Bir sıra Avropa ölkələrində olduğu kimi, xəstəxana və dəfnlə bağlı məsələlərdə problemlər yaşanmadı. Həmişə qeyd etdiyimiz kimi, bu prosesdə iki tərəf var. Bir dövlət hansı ki, üzərinə düşəni edir, lazımi qərarları qəbul edir və zəruri addımları atır. Digər tərəf vətəndaşlardır. Onların bu qaydalara əməl etmələrindən asılı olaraq proses tənzimlənir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, prosesdən sürətlə çıxmağın yollarından biri də vətəndaşların qaydalara tam əməl etmələridir: "Məlum olduğu kimi, pandemiyanın yayılması dünya iqtisadiyatına, eləcə də, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq bir sıra müəssisələrin fəaliyyətində çətinliklər yarandı. Xüsusilə biznes strukturları üçün yumşalma qərarı xüsusi önəm daşıyırdı. Dövlətin müəyyən vergi güzəştləri və tətilləri tətbiq etməsi onların fəaliyyətinə dəstək oldu. Ancaq bununla bərabər həmin müəssisələrin fəaliyyətinin uzun müddət dayanması gələcəkdə müəyyən çətinliklər yarada bilərdi. Eyni zamanda, bəzi mağazaların fəaliyyətinin dayanması səbəbindən insanların ehtiyaclarının ödənilməsində də çətinlik yaranmışdı. Bir sıra mağaza və dükanların fəaliyyətinə icazə verilməsi vətəndaşların bu baxımdan müəyyən ehtiyaclarının təmin olunmasına da şərait yaradacaq. Bu qərarlar həmçinin ölkə iqtisadiyyatına, iqtisadi həyatın canlanmasına, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Ancaq bu vətəndaşlarımızda tam rahatlıq və sərbəstlik yaratmamalıdır. Çünki proses tam yekunlaşmayıb. Yeni fəsadların baş verməməsi üçün hər birimiz maksimum diqqətli olmalıyıq. Əks halda karantin rejimi qaydaları daha da sərtləşdirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB