"Ermənistan danışıqlar prosesindən yayınır" ÖZƏL-MÖVQE

"Ermənistan danışıqlar prosesindən yayınır" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə danışıqlar məsələsində Ermənistanla hər hansı bir məsələnin müzakirə olunması və danışıqların davam etdirilməsi Azərbaycanın maraqlarına xidmət etmir. Bunu birmənalı söyləmək lazımdır. Artıq dördüncü Ermənistan hakimiyyətidir ki, Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və separatçı qruplaşmaların dəstəklənməsi ilə bağlı həm beynəlxalq ictimaiyyətin, həm də Azərbaycanın çağırışlarına məhəl qoymur. Əksinə hər dəfə işğal siyasəti daha da genişləndirilib". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan öz mövqelərini möhkəmləndirməkdən ötrü danışıqlar prosesindən yayınıb: "Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanın fikirləri də özündən əvvəlkilərin fikirlərindən heç nə ilə fərqlənmir. Açıq şəkildə də bildirmək lazımdır ki, bu həm də Rusiyanın maraqlarının xeyrinədir. Çünki həm Rusiya, həm də Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir addımın atılmasını yox, mövcud vəziyyətin saxlanılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar düşünürlər ki, dünyada baş verən proseslər müəyyən zamandan sonra onların xeyrinə olacaq. Qarabağ ya müstəqil, qanuni dövlət olaraq tanınacaq və yaxud da zamanla elə bir vəziyyət gəlib çatacaq ki, Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul oluna biləcək. Dünya ictimaiyyəti də bu qərarı normal qarşılaya biləcək. İstər Ermənistanın indiki, istərsə də ondan əvvəlki diplomatik missiyaya rəhbərlik edən erməni nazir və yaxud da erməni hökuməti bu məsələdə hər hansı bir güzəşt nəzərdə tutmur. Moskvada, Kremildə də bu məsələnin Azərbaycanın xeyrinə həlli ilə bağlı hansısa ciddi qərarın verilməsi də mümkün deyil. Çünki Rusiyanın mövqeyi belədir ki, onlar regiondakı stabilliyin qorunmasını Ermənistanın silahlanmasında, hərbi imkanlarının güclənməsində görürlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə