Politoloq: “Biz İranı Ermənistanla olan əlaqələrdən çəkinməyə inandırmağa çalışmalıyıq”-AÇIQLAMA

Politoloq: “Biz İranı Ermənistanla olan əlaqələrdən çəkinməyə inandırmağa çalışmalıyıq”-AÇIQLAMA
"Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü Azərbaycan və İran arasında müəyyən məqamlarda yaranan problemlərə də öz təsirini göstərəcək". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, görüş zamanı müzakirə olunan məsələlər onu deməyə əsas verir ki, Azərbaycan və İran arasında olan münasibətlərdə irəliləyiş müşahidə oluna bilər.
Növbəti görüşə Azərbaycanın ev sahibliyi edəcəyini deyən E. Mirbəşiroğlunun sözlərin görə, bu görüşlər Azərbaycan və İran arasında münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün geniş zəmin yaradır.
Açıqlaması zamanı İran və Ermənistan arasında olan əlaqələrə də toxunan politoloq vurğulayıb ki, sözügedən ölkələr arasında əlaqələrin kəsilməsi real deyil: "Lakin bu bizi maraqlandırmamalıdır. Çünki bu İranın dövlət olaraq öz işidir. Biz onlara hansısa bir ölkə ilə münasibətlərinin dayandırılamasını deyə bilmərik. Məsələ burasındadır ki, İranın ədalətli mövqeyi bizə daha kömək etmiş olar. İranın bəzən Ermənistanın mövqelərini müdafiə etməsi kimi fikirlərdən daşınması Azərbaycan üçün müvəffəqiyyət ola bilər. İran Ermənistanla əlaqə saxlaya bilər, lakin bu münasibətlər ölkəmizin maraqlarına toxunmamalı, mövqelərimizə xələl gətirməməlidir. Biz əsas buna nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşlərin bu baxımdan əhəmiyyəti olduqca böyükdür".
Ermənistanı Azərbaycan torpaqlarında saxlamağa dolayısı yolla kömək edən ölkələrdən birinin İran olduğunu dilə gətirən E. Mirbəşiroğlu qeyd edib ki, biz İranı Ermənistanla olan əlaqələrdən çəkinməyə inandırmağa çalışmalıyıq: "Bu istiqamətdə işlər aparılır və Azərbaycan bununla bağlı mövqelərini zaman-zaman ortaya qoyur. Düşünürəm ki, İran tərəfindən buna rəy olacaq. Hesab edirəm ki, nazirlər arasında bu cür görüşlərin sistemli şəkil alması istəklərimizə nail olmağa kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə