“Zəngi” liseyində xalq şairi Zəlimxan Yaqubla görüş olub - FOTOSLAYD

“Zəngi” liseyində xalq şairi Zəlimxan Yaqubla görüş olub - FOTOSLAYD

Bakının Nizami rayonunda yerləşən "Zəngi" liseyində  bu günlərdə qüdrətli söz ustası, xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə liseyin müəllim və şagird kollektivi,  valideynlər iştirak edirdilər.


Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov şairi və  qonaqları salamladıqdan sonra  bu görüşü  məktəbin müəllim və şagird kollektivinin həyatında mühüm hadisələrdən biri  kimi dəyərləndirib.  Poeziya gülşəninin tanınmış saz, söz ustadı Z.Yaqubun ədəbiyyatımızda tutduğu mövqeyi, aşıq yaradıcılığının inkişafı üçün göstərdiyi xidmətlərini yüksək qiymətləndirən B.Heydərov  şairin həyat və yaradıcılığından,  ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakından geniş bəhs edib.


Şairin yaradıcılığının ən ümdə, özünəməxsus xüsusiyyətlərini  qələmindən  çıxan  sözlərin qüdrəti ilə diqqətə çatdıran B.Heydərov  bildirib ki, Z.Yaqubun poeziyamızda yüksəldiyi zirvə  sazla sözün vəhdətindən qaynaqlanan, vətənə, torpağa, elə, obaya bağlılıq, vurğunluqdur. 


Sonra səhnə  şagirdlərin ixtiyarına verilib.  Onlar  söz sənətinin işığına toplaşdıqları şairi salamlayıb, qəlblərinin tərcümanı saydıqları, əsərlərini sevə-sevə oxuduqları və bir çox şeirlərini əzbər bildikləri sənətkarın onlarla görüşə gəlməsindən böyük məmnunluq duyduqlarını, bu  görüşün onların xatirəsində əbədi qalacağını vurğulayıblar.


Tədbir boyu  məktəbin istedadlı şagirdlərinin bir-birini əvəzləyən çıxışlarında şairin həyatının bəzi məqamları, yaradıcılığının əsas cəhətləri, sənətkarlıq xüsusiyyətləri, ilhamını qanadlandıran mövzular, çox sevdiyi aşıq sənəti, saz haqqında söz açılıb, şeirləri, onlara yazılmış mahnılar ifa olunub.


Liseyin Müəllim- Valideyn Assosiasiyasının prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  çıxış edərək xalq şairi Zəlimxan Yaqub haqqında ürək sözlərini deyib,  yaradıcılığını yüksək dəyərləndirib, ona cansağlığı, uzun ömür, yeni-yeni  yaradıcılıq uğurları arzulayıb.


Çıxışlarda qeyd  olunub ki, şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona verilən ən böyük  mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür. Füzuli sevgisindən,  aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı təkrarolunmazdır, bənzərsizdir.


Z.Yaqub onu görüşə çağırdıqları üçün liseyin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. Tədbirdən böyük zövq aldığını söyləyib. Şagirdləri biliklərə  yaxşı yiyələnməyə səsləyən xalq şairi öz yaradıcılıq yolundan, həyat prinsiplərindən söz açıb, şeirlərindən oxuyub.


Bu gün hər bir azərbaycanlı  kimi Z. Yaqubun da əsas arzuzusu Azərbaycanın ərazi büyövlüyünün bərpa olunması, Qarabağ qubarı, nisgilimizin ürəklərdən silinməsi, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması, müstəqil dövlətimizin daha da möhkəmlənməsi və qüdrətlənməsidir. 


Sonda şair tədbir iştirakçılarına  təqdim  olunan kitablarına avtoqrafla ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə