Əks-düşərgədən hansı yenilikləri gözləmək olar? ANALİTİK + MÜXALİFƏT
AzDP sədri Sülhəddin Əkbər: “Müxalifətin proseslərə hazır olmadığını düşünürəm”
Ölkədə siyasi partiyaların qeydiyyata alınması prosesi davam edir və onların sayı artıq 57-yə çatıb. Belə partiyalardan biri də, Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasıdır (AzDP).
Lakin məsələ ondadır ki, ölkədə bu kimi çoxsaylı müxalifətyönlü partiyalar kifayət qədər olsa da, onların siyasi fəaliyyətlərində hər hansı bir aktivlik müşahidə olunmur. Daha dəqiq desək, belə partiyaların əksəriyyəti müxtəlif azömürlü blok və birliklərdə təmsil olunmaqla ictimai-siyasi proseslərə ümumiyyətlə, təsir etmək imkanına malik deyillər.
Əbəs deyil ki, belə qruplar müxalifət təşkilatlarından daha çox "beşinci kolon" olaraq tanınırlar
Digər tərəfdən, bu gün özlərini müxalifət düşərgəsinin “anası” hesab edən, yaxud özlərini zorla ictimai rəyə sırımağa çalışan, destruktiv, radikal xarakterli siyasi təşkilatlar da var ki, cəmiyyət belə partiyaların fəaliyyətinə dəstək göstərmir. Çünki ortaya hər hansı sağlam düşüncəli, sivil maraqlar qoyulmur, yalnız şəxsi maraqlar kontekstində idarəçilik amilləri nəzərə çarpır. O cümlədən, xalqın adından keyfiyyətsiz, uğursuz fikirlər irəli sürülür və nəticədə məlum olur ki, hətta bu fikirlər belə, özlərini “lider” adlandıran fərdlərin beyin məhsulları deyil. Daha doğrusu, bunlar xaricdən idarə edilən müəyyən anti-Azərbaycan xarakterli dairələrin sifarişləridir. Əbəs deyil ki, belə qruplar müxalifət təşkilatlarından daha çox beşinci kolon olaraq tanınırlar. Bu sıraya AXCP, Müsavat və s. bənzər partiyaları aid etmək mümkündür.
“Milli Şura”da təmsil olunsa da...
Lakin daha bir maraqlı məqam budur ki, hazırda məhz həmin partiyaların şinellərindən çıxmış siyasi fərdlər bu gün tamamilə fərqli siyasi motivizasiyaları ilə fəaliyyət göstərirlər. Bu baxımdan, yenicə qeydiyyata alınan AzDP-ni göstərmək mümkündür. Belə ki, partiyanın sədri S.Əkbər AXC-Müsavat sıralarından çıxmış şəxsdir və bu gün radikalizm, destruktirvlik fəaliyyətini tamamilə rədd edir, sivil siyasi mübarizə üsulunu fəaliyyət istiqaməti olaraq götürür. Halbuki, bir müddət əvvələ qədər o da AXCP-nin nəzarəti altında olan “Milli Şura”da da təmsil olunub.
Partiya sədri: Dialoq mühiti önəmlidir
Bu arada, AzDP sədrinin partiyasının dövlət qeydiyyatına alınması ilə bağlı mətbuata verdiyi müsahibəsindəki bir neçə fikri araşdırmaq və nəticələr çıxarmaq olar. Məsələn, o bildirib ki, dünyada və regionda gedən proseslər avtomatik olaraq Azərbaycanda da yeni siyasi şəraitin yaranmasına stimul verib. “Hakimiyyət də bunu indidən dəyərləndirməyə başlayıb”, deyən müxalifətçi partiya sədri burada eyham vurub ki, dolğun, sivil siyasət reallığını əldə etmək üçün məhz dialoq mühiti önəmlidir.
AzDP: “Hakimiyyət dünyada və regionda baş verənlər barədə kifayət qədər məlumatlıdır”
Başqa tərəfdən, S.Əkbər iqtidarın kifayət qədər bilgin, siyasi yetkin olduğunu qeyd edir və ümumiyyətlə, istər dünyada, istərsə də regionda baş verən bütün prosesləri nəzarətdə saxladığını bildirir: “...Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Çoxları Azərbaycan hakimiyyətinin məlumatsız olduğunu, heç nəyi bilmədiyini düşünür. Mən əksini düşünürəm. Hakimiyyət dünyada və regionda baş verənlər barədə kifayət qədər məlumatlıdır və bu proseslərin Azərbaycana hansı təsirlərinin olacağını dəqiq bilir”.
Göründüyü kimi, o müxalifət partiyasının sədri olaraq etiraf edir ki, Azərbaycan iqtidarı istənilən vəziyyətdən məlumatlı olması ilə yanaşı, həm də qabaqlayıcı tədbirləri həyata keçirmək gücündə, qüdrətindədir. Belə yanaşmanı isə, proseslərə doğru qiymət vermək kimi də qiymətləndirmək olar. Baxmayaraq ki, o müxalifət təmsilçisidir, reallıqdan çıxış edir və faktlara əsaslanır.
Partiya sədri: “Buna adekvat fəaliyyət görmürəm, adekvat münasibət də yoxdur”
Daha bir ilginc məqam budur ki, yuxarıda da qeyd edildiyi kimi, destruktivlik fəaliyyətləri ilə sifarişli siyasət həyata keçirməyə cəhd edən radikal qanadlar heç də dünyadakı və regiondakı proseslərə dolğun qiymət verə bilmirlər. Çünki onların məqsədlərinin nədən ibarət olması da məlumdur. Hətta ümummilli məsələlərdə belə, xalqın, hakimiyyətin yanında olmayan dağıdıcı kəsim ümumiyyətlə qarşılıqlı addım atmaq marağında deyillər. AzDP sədri məhz həmin məsələyə də münasibətində qeyd edib ki, şəxsi maraqlarını bir kənara qoymaqla müxalifət, cəmiyyətin aktiv siyasi kəsimi dünyada və regionda gedən prosesləri diqqətlə izləməlidir. Ancaq belə bir mövqe olmadığına görə, düşərgənin böyük qismi heç bir prosesə hazır ola bilmir: “Təəssüf ki, buna adekvat fəaliyyət görmürəm, adekvat münasibət də yoxdur. Bu baxımdan müxalifətin proseslərə hazır olmadığını düşünürəm”.
Beləliklə, yalnız yenicə qeydiyyata alınmış AzDP deyil, qeydiyyata alınmaq üçün gözləyən digər müxalifət partiyaları da əslində bu prizmadan düşünməli, bir sıra məsələlərdə reallıqdan çıxış etməlidirlər. Radikallığın və qeyri-konstruktivliyin isə heç vaxt nə siyasi, nə də başqa cəhətdən hər hansı partiyaya üstünlük qazandıracağını düşünmək sadəcə sadəlöhvlük olardı...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB