“Radikal nadürüstlərə qarşı susqun qalmaq olmaz” RƏY-ÖZƏL

“Radikal nadürüstlərə qarşı susqun qalmaq olmaz” RƏY-ÖZƏL

"Azərbaycanın inkişafını gözü götürməyənlər, xaricdən gələn maliyyə ilə yemlənənlər, aldıqları qrantların hesabatını vermək üçün dəridən-qabıqdan çıxanlar, “internetim və telefonum bağlandı”- deyə absurd və sərsəm açıqlamalarla çıxış edənlər, gündəmə gəlməyə çalışanlar, ən həssas vəziyyətdə də öz nadanlıqlarına, riyakarlıqlarına, namərdliklərinə, nakişiliklərinə ara verməyənlər, demokratiyanın “d” hərfindən belə xəbərdar olmayanlar, satqınlar, anti-milli ünsürlər bu dövlətin də, xalqın da düşmənləridir". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, onları məhz öz adları ilə çağırmaq lazımdır: "Onlara məhz öz adları ilə müraciət etmək lazımdır. Adları və ayamaları ilə. Radikal nadürüstlərə qarşı susqun qalmaq olmaz, mövqe bildirmək lazımdır. Dövlətçilik artibutlarınının, dövlətin sabahının və gələcəyinin qəsdinə duranlar, siyasi mübarizəni mənəviyyatsızca aparanlar cəmiyyətdən də, siyasətçilərdən də anındaca sərt və davamlı təpki görməlidir və görür də! “Milli Şura” adında ləkənin Azərbaycan siyasətinə heç bir dəxli yoxdur. Olmayıb. Olmayacaq! Onlar tarixin zibilliyində belə özlərinə yer tapa blməyəcəklər. Çünki zibilxana belə onlara çoxdur. İnsan bu qədər qaramat olmaz. İnsan bu qədər hər şeyi qara görməz, qaralamaz. İnsan bu qədər hallusinasiyalara qurşanmaz. Əli Kərimli hər gün bir şou göstərir, usanmadımı, yorulmadımı? Ay telefonumu bağladılar, ay internetimi kəsdilər, ay admin heyəti belə yazdı, ay “Azadlıq” radiosuna bunu söylədim. Sən siyasətçisən, yoxsa janqlyor? Bəsdir də, sirk nömrələri göstərdin. Yoxsa elə bilirsən, bu avantüraların hər yerdə və hamı üçün keçərlidir? Seçkidə yoxsan. Dialoqa çağırılan kimi anındaca ilim-ilim itirsən. Yəni, üzbəüz, dəyirmi masada da yoxsan. Regionda yoxsan. İnsanların arzularında, yanında yoxsan. Tədbirdə yoxsan. Xeyirdə yoxsan, şərdə yoxsan. Bəs sənin varlığın nə vaxt, nə ilə ehtiva və realizə olunur, a bəy? Yalnız “facebook”da sərgilədiyin populizmləmi? Hansısa beynəlxalq təşkilatın ya da qurumun cibindən boylanan baxışlarınlamı? Palto və kostyum üzərindən geyindiyin köynəklərin rəngi iləmi? Bölgədə və dünyada baş verən inqilabların uğursuz variantda tutuquşuluğunu eləməkləmi? Düşmənsiz siz. Gerçək anlamda düşmən. Və bu düşmənçiliyə görə zaman gələcək, tarix sizi məşhər ayağına çəkəcək. Buna əmin ola bilərsiz".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə