“Pandemiyanın iqtisadiyyata təsirlərinin minimumlaşdırılması proritetdir” ÖZƏL-MÜNASİBƏT
2020-ci ilin birinci rübünün sonuncu ayı pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Ümumi Daxili Məhsulda, xüsusən qeyri-neft Ümumi Daxili Məhsulda artım tempini qoruyub saxlayıb. Bu sözləri SİA-ya müsahibəsində iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, qeyri-neft Ümumi Daxili Məhsulunda üç faiz artım qeydə alınıb, bu da nəticə etibarı ilə qeyri-neft sektorunun birinci rübdə inkişaf etməsi anlamına gəlir.
“Məhz 2020-ci ilin birinci rübündə pandemiyanın iqtisadiyyata, sahibkarlara və eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması proritet idi və təbii ki, ölkə Prezidentinin qeyd etdiyi kimi məhz Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı, hətta iqtisadi aktivlikdən belə vacibdir. Nəticə etibarı ilə ölkə Prezidenti tərəfindən verilən göstərişlər eyni zamanda ötən müddətdə qəbul edilən qərarlar birbaşa vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edib. Bu da imkan verir ki, pandemiyanın yalnız iqtisadiyyata deyil, eləcə də vətəndaşlarımızın sağlamlığına təsirlərini minimumlaşdırmaq mümkün olsun.
Ötən müddətdə pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı ölkə Prezidentinin tapşırığı ilə reallaşan paketlər üçün 2,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Dörd işçi qrup tərəfindən paketlər hazırlanıb və eyni zamanda iqtisadi, o cümlədən sosial paket artıq artıq icra olunmaqdadır. 600 mindən artıq muzdlu vətəndaşımız iqtisadi paket çərçivəsində dövlət dəstəyindən istifadə edir. Eyni zamanda vətəndaşlarımız üçün birbaşa yardımlarla yanaşı həm də sosial proqramlarda iştirakçılıq səviyyəsi genişləndirilib. O cümlədən ünvanlı sosial yardım proqramı, özünüməşğulluq proqramı, sosial xidmətlərin təklif edilməsi ilə bağlı proqramlarda pandemiya, eləcə də post-pandemiya dövründə daha çox vətəndaşımızın iştirakının təmin edilməsi nəzərdə tutulub. Təbii ki, məhz birinci rübün yekunları və eləcə də koronavirus pandemiyasının qlobal iqtisadiyyata strateji məhsullar bazarına təsirləri fonunda dövlət büdcəsinin xərclər hissəsinin strukturuna yenidən baxılması zəruri hal alıb və təbii ki, bu kontekstdən cari dərəcədə investisiya xərclərinə yenidən baxılması və təcili olmayan xərclərin təxirə salınması gözlənilir. Bu həm bir tərəfdən ümumiyyətlə büdcə xərclərinin optimallaşdırılması və eyni zamanda bu istiqamətdə şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Digər tərəfdən bu təbii ki, mövcud pandemiyanın həm qlobal, həm milli səviyyədə təsirləri nəzərə alaraq məhz fiskal siyasətin yenilənməsinə xidmət edir. Başqa tərəfdən investisiya və eləcə də cari xərclərin strukturunda dəyişikliyin olacağına baxmayaraq 2020-ci ildə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı hərhansı bir çətinlik olmayacaq. 2020-ci ilin dövlət büdcəsinin 38,5 faizi birbaşa sosial ödənişlərdir. Ölkə Prezidentinin tapşırığı ilə bu il hətta neftin bazar qiymətinin aşağı olması və pandemiyanın iqtisadiyyatın 20 fəaliyyət sahəsinə neqativ təsir göstərməsinə baxmayaraq, sosial proqramlarda və eləcə də sosial ayırmalarda hərhansı bir azalmalar, ixtisarlar nəzərdə tutulmur. O baxımdan 2020-ci ildə Azərbaycanda nəzərdə tutulan bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bu isə ondan xəbər verir ki, fiskal siyasətdə edilən dəyişikliklər belə sosial ödənişlərin yerinə yetirilməsi ilə bağlı hərhansı bir çətinlik yaratmayacaq”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB