“Bütün sahələrdə əldə olunan uğurlar aparılan siyasətin nəticəsidir” ŞƏRH - ÖZƏL

“Bütün sahələrdə əldə olunan uğurlar aparılan siyasətin nəticəsidir” ŞƏRH - ÖZƏL

“Bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi. Müşavirə zamanı bir daha məlum oldu ki, ölkəmiz 2019-cu ili böyük uğurla başa vurub və 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələrdə inkişaf yüksək səviyyədə həyata keçirilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

O bildirib ki, Prezidentin rəhbərliyi ilə başlanan həm iqtisadi, həm də sosial islahatlar gözlənilən nəticələri verib: “Həmin islahatların ardıcıl şəkildə aparıldığı vaxtda bir anda bütün dünyada tüğyan edən koronavirus (COVID-19) epidemiyası müəyyən çətinliklər yaradıb. Belə ki, hazırda bu epidemiyanın dünya iqtisadiyyatını iflic etməsinə baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Pandemiyaya qarşı mübarizədə Azərbaycan dünyanın bir çox ölkələrindən fərqli olaraq qabaqlayıcı tədbirlər görüb, düşünülmüş siyasət nəticəsində xəstəliyin yaradacağı fəsadların azalmasına nail olub. Digər tərəfdən inkişaf da artan xətlə davam etməkdədir.”.

Milli Məclisin sədr müavini söyləyib ki, hazırda ölkəmizdə karantin məqsədilə istifadə edilən hotellərlə yanaşı, altı mobil xəstəxananın çox qısa zamanda tikilməsi ilə əlaqədar cənab Prezident tərəfindən göstəriş verilib və habelə xəstələrin müalicəsi üçün lazım ola biləcək bütün tibbi avadanlıqların dərhal gətirilməsi tapşırılıb: “Təbii ki, pandemiyanın Azərbaycanla həmsərhəd olan ölkələrdə, həmçinin ticarət tərəfdaşlarımız olan ölkələrdə geniş yayılması, nəticədə sərhədlərin bağlanması iqtisadiyyata mənfi təsirini göstərir. Lakin sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir”.

Hazırda ölkəmizdəki müsbət dinamikanın göz qabağında olduğunu deyən A. Əliyev vurğulayıb ki, bunun nəticəsidir ki, keçən il dövlət büdcəsinə proqnozda nəzərdə tutulduğundan əlavə 1 milyard manat, bu ilin üç ayında isə 310 milyon manat gəlir daxil olub: “ Cənab Prezident cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına nəzər salaraq müşavirədə bir daha bildirdi ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həmdə qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcək. Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranan vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirib. Bu müjdə bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Cənab Prezident müşavirə zamanı pandemiyaya qarşı mübarizə üçün 2,5 milyard manat vəsait ayrıldığını, habelə həmin vəsaitin artırılması ilə əlaqədar heç bir çətinliyin olmadığını bildirdi. Dövlət başçısı nəzərə çatdırdı ki, lazımi avadanlıqların və ləvazimatların alınması üçün Prezidentin Ehtiyat Fondundan ayrılan 97 milyon manat və gələcəkdə ayrılması nəzərdə tutulan 150 milyon manat 2,5 milyard manatın içində deyil. Bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur”.

A.Əliyev onu da qeyd edib ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi: “Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir. Ölkə başçısının müşavirə zamanı struktur islahatlarına diqqət çəkməsi inkişafın yalnız siyasi-iqtisadi sahələri əhatə etmədiyini bir daha göstərdi. Ölkədə aparılan siyasi islahatların, kadr islahatlarının uğurlu nəticələri göz qabağındadır. Bu islahatlar Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Milli Məclisi əhatə edib. Hakimiyyətin bütün qollarında aparılan islahatlar bir məqsəd daşıyır: idarəetmə mexanizmi təkmilləşsin, gəncləşmə siyasəti geniş tətbiq olunsun, peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin, idarəetmədə inkişafa mane olan bütün hallar aradan qaldırılsın. Bu ilin fevral ayında Milli Məclisə keçirilən növbədənkənar seçkilər xalqımızın iradəsini ifadə edib, vətəndaşlarımız tərəfindən bəyənilərək dəstəklənib. Parlament seçkilərinin demokratik şəkildə keçirilməsi, habelə VI çağırış Milli Məclisdə müxalifət partiyalarının nümayəndələrinin yüksək vəzifələrdə təmsil olunması onu deməyə əsas verir ki, iqtidar-müxalifət dialoqu sağlam əsaslara söykənib”.

Milli Məclisin sədr müavini əlavə edib ki, ölkə başçısının tapşırığına uyğun aparılan siyasi kursdan heç kəs kənarda qalmır: “Dialoqa qoşulmaq istəyən müxalifət nümayəndələri də demokratikləşmə ilə bağlı çağırışlara müsbət reaksiya veriblər. Bu siyasətin bir tək ana xətti vardır ki, ölkəmizin inkişafı təmin edilsin və vətəndaşların sosial rifahını yaxşılaşdırmaqla doğma vətənimizi, el-obamızı daha yaşanılası bir yer edək. O ki qaldı dialoqdan imtina edən kəsimə, onlar özlərini müxalifət adlandırsalar da məlumdur ki, o şəxslər aparılan siyasətə yox, dövlətə və dövlətçiliyə müxalif insanlardır. Öz “sahiblərindən” aldıqları siyasi sifarişləri bu xalqın əleyhinə düşünmədən yerinə yetirən şəxsləri xalq yaxşı tanıyır və cəmiyyət onları heç cür qəbul etmir. Təbii ki, ölkə başçısının da dediyi kimi, onlara siyasi konfiqurasiyada da yer yoxdur, bunu özləri də başa düşür və qəbul edirlər. Beləliklə, cənab Prezident tərəfindən keçirilən müşavirənin nəticəsində bir daha aydın oldu ki, aparılan uğurlu islahatlar bütün sahələrdə öz nəticəsini verir, bütün sahələrdə inkişaf müsbət dinamika ilə davam edir, iqtisadi vəziyyət nəzarət altında olmaqla yeni ehtiyatlar axtarılır, sosial islahatlar çox uğurlu şəkildə davam etdirilir. Aparılan uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə