Misirdə “Azərbaycan” jurnalının ikinci nömrəsi çapdan çıxıb

Misirdə “Azərbaycan” jurnalının ikinci nömrəsi çapdan çıxıb

Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının ikinci nömrəsi işıq üzü görüb.


SİA-nın xəbərinə görə, jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, neft strategiyası, milli bayramlarımız, xalq sənətimizdən bəhs edən maraqlı məqalələr dərc edilib.


Jurnal, eyni zamanda, öz səhifələrində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, qanlı 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, ermənilərin azərbaycanlıların başına gətirdikləri digər faciələr barədə məqalələrə də yer verib.


Baş redaktoru məşhur misirli jurnalist Məhəmməd Salama olan "Azərbaycan" jurnalının bu nömrəsində Azərbaycanda Novruz bayramı şənliklərindən bəhs edən, gözəl illüstrasiyalarla bəzədilmiş geniş məqalədə elimizin bahar adət-ənənələri, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu bayramın ölkəmizdə xüsusi təntənə ilə qeyd edilməsində xidmətləri barədə məlumat verilir.


Jurnalda Azərbaycanın siyasi və iqtisadi həyatına da yer ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitindəki çıxışının mətni ərəb dilində oxuculara çatdırılır. Azərbaycanın iqtisadi sahədə son uğurlarından bəhs edən məqalədə ölkəmizin َQlobal Rəqabət Qabiliyyəti hesabatında 57-ci pillədə qərarlaşması, yatırılan investisiyaların həcminə görə öndə gedən ölkələrdən olması, nəhəng qaz şirkətləri ilə bağladığı müqavilələr əksini tapıb.


Misirdə məşhur Eyn Şəms Universitetinin türk dilləri kafedrasının professoru Safsafi Əhməd əl-Qaturi "Gəncə və onun məhəbbət və fəzilət şairi böyük Nizami Gəncəvi" başlıqlı məqaləsində YUNESKO-nun dəstəyi ilə 2010-cu il oktyabrın 19-dan 25-dək Gəncədə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı keçirilmiş konfransda Misiri təmsil etməsindən qürur duyduğunu və bu fürsətdən yararlanaraq ilk dəfə səfərə gəldiyi Gəncə ilə yaxından tanış olmaq imkanı əldə etdiyini yazır. Doktor Safsafi Gəncənin gözəlliyindən, küçələrinin təmizliyindən danışaraq şəhərdə mövcud olan tarixi abidələr, Nizami Gəncəvinin, Cavad xanın məqbərələri, Şah Abbas məscidi və digər abidələr haqqında geniş məlumat verir, bu səfərin onun qəlbində dərin təəssüratlar oyatdığını bildirir.


Jurnalda, eyni zamanda, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin Qanlı Yanvar hadisəsinin 21-ci ildönümünə həsr etdiyi məqalə də dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə