DQ münaqişəsi ilə bağlı danışıqlardan müsbət gözlənti varmı? RƏY-ÖZƏL

DQ münaqişəsi ilə bağlı danışıqlardan müsbət gözlənti varmı? RƏY-ÖZƏL

“Ermənistanın “seçki” oyunları ilə ilk dəfə deyil ki, rastlaşırıq. “Seçki” şousunun heç bir beynəxalq qurum və ya ölkə tərəfindən tanınmamasına baxmayaraq, işğalçı ölkə öz təxribatlarını davam etdirməkdən əl çəkmir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, lakin de-fakto Azərbaycan torpaqları işğal altındadır və Ermənistanın siyasi dairələri sülh istiqamətində heç bir addım atmaq niyyətində deyillər: “Ermənistanın bütün beynəlxalq sənədləri, qanunları, qəbul edilən qətnamələri pozmasına baxmayaraq, beynəlxalq təşkilatlar, eləcə də ölkələr işğalçıya qarşı sanksiya tətbiq etmək, onları sülhə məcbur etmək istqamətində heç bir addım atmır”.

Deputat söyləyib ki, bütün bunlar bir daha göstərir ki, Ermənistan müharibəni təkcə cəbhə bölgəsində aparmır: “Ermənistanın arxasında bir sıra korrupsiyaya qurşanan şəbəkə var ki, onlar erməni diasporundan maliyyə alaraq işğalçı ölkəni müdafiə edirlər. Məhz bunun nəticəsidir ki, Ermənistan indiyədək bir sıra ölkələrin qərarlarına zidd olaraq öz oyunlarını davam etdirə bilir”.

Ermənistanın daxilində vəziyyətin ağır olduğunu deyən A.Mollazadə qeyd edib ki, klanların mübarizəsi gedir: “Keçmiş hərbi cinayətkarlarla hakimiyyətə gələn qüvvələr arasında çox ciddi gərginlik var. Lakin bilirsiniz ki, Ermənistanın arxasında digər qüvvələr durduğu üçün danışıqlar prosesində heç nə dəyişmir. Bu baxımdan yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən müsbət nəsə gözləmirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə