"“Seçkiləri” tanımamaq problemin həlli üçün yetərli deyil" - RƏY ÖZƏL

“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımadıqları ilə əlaqədar bəyanatlar verirlər. Lakin bu “seçkiləri” tanımamaq bir şeyi dəyişmir. Separatçı rejim yenə də öz istədikləri kimi prezident, parlament, referendum kimi “seçkiləri” keçirməklə öz əməllərinə davam edirlər. Keçən 28 ilə nəzər salsaq görərik ki, beynəlxalq təşkilatlar bu məsələdə heç bir iş görməyib və görməyəcəklər də”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, əgər onlar bu məsələ ilə əlaqədar hər hansı adekvat addım atmaq istəsəydilər, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə əlaqədar 4 qətnaməsinin yerinə yetirilməsi üçün çalışardılar: “Nece ki, Serbiya və bir çox ölkələrdə qəbul edilmiş qətnamələrin dərhal yerinə yetirildiyi kimi. Ümumiyyətlə Beynəlxalq Təşkilatların çoxüzlülük siyasəti var və Azərbaycanla da münasibətləri korlamamaq üçün hər dəfə bu “seçkiləri” tanımadıqlarını bəyan edirlər”.

A.Abbas vurğulayıb ki, “seçkiləri” tanımamaq bu problemin həlli üçün atılmış hər hansı bir addım deyil: “ATƏT-in 3 həmsədri rəsmi olaraq Ermənistana kömək edir. Avropa Birliyi koronavirusla mübarizəyə 92 milyon dollar Ermənistana, 14 milyon dollar Azərbaycana ayırıb. Ermənistanın əhalisi 3,5 milyon, Azərbaycanın əhalisi isə 10 milyondur. Burada yenə də ikili standart və Azərbaycana qarşı münasibət açıq-aydın görünür. Yəni bütün bunlardan bir nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağ məsələsinin həllinə yalnız və yalnız möhtərəm Prezidentin başçılığı ilə Azərbaycan xalqı nail olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...