"Azərbaycan hökuməti mövcud COVİD-19 böhranı ilə bağlı müstəsna tədbirlər görüb" - Alen Karbonel

Azərbaycanda COVID-19 epidemiyası ilə bağlı vəziyyətə nəzarət hökumət tərəfindən aparılır. Sərhədlər, quru, hava və dəniz yolları bağlanıb, ölkədə karantin tətbiq olunub. Əhali testdən keçirilir, xaricdən gələn 4 mindən çox azərbaycanlı karantində saxlanılır.

SİA xəbər verir ki, bu sözlər Fransanın SUEZ şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alen Karbonel ölkəmizdə yeni koronavirus epidemiyası ilə bağlı vəziyyətdən danışarkən deyib. Onun videoçıxışı “MEDEF İnternational” şirkətlər qrupunun rəsmi internet saytında və “Linkedin” səhifəsində yerləşdirilib.

A.Karbonel ölkəmizdə COVID-19 virusuna yoluxanlara, bu virusdan ölənlərlə dair statistikanı səsləndirib. Azərbaycanda karantin rejiminə riayət edilməsi məqsədilə tətbiq edilən qaydalardan, xüsusilə də aprelin 5-dən həyata keçirilən SMS sistemindən danışıb. Bildirib ki, bütün bu tədbirlər COVID-19-un yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Bəzi zəruri müəssisələrin fəaliyyətini davam etdirdiyini diqqətə çatdıran Alən Karbonel hökumətin mövcud böhranla bağlı müstəsna tədbirlər gördüyünü vurğulayıb. Ölkəmizdə kiçik və orta müəssisələrə, eləcə də əhaliyə dəstək baxımından hökumətin böyük məbləğdə vəsait ayırdığını bildirib.

Azərbaycandakı fransız müəssisələrinə tövsiyələrini çatdıran regional direktor karantindən sonra yeni vəziyyətə adaptasiyanın əhəmiyyətinə toxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...