"Dünya ölkələri növbəti dəfə Azərbaycana öz dəstəyini nümayiş etdirdi" ÖZƏL - AÇIQLAMA

"Paşinyanın artıq növbəti dəfə çıxışında bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq şəkildə Qarabağ ermənilərini sülh danışıqlarına cəlb etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in heç bir dövlət və təşkilat rəhbərləri tərəfindən tanınmaması məsələsindən danışarkən deyib.

O bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma prezident və parlament "seçkilər"i bir çox beynəlxalq təşkilat və dövlətlər tərəfindən tanınmayıb: "Eyni zamanda bu qondarma "seçkilər" ayrı-ayrı dövlətlərin, millət vəkillərin və ictimai-siyasi xadimlərin, ekspertlərin tərəfindən qəti şəkildə pislənilib. Bu da onu göstərdi ki, dünya ictimaiyyəti növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini nümayiş etdirdi. Üstəlik bu həmin ərəfədə baş verdi ki, Paşinyanın artıq növbəti dəfə və yeri gəlmişkən dünən də çıxışında bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq şəkildə Qarabağ ermənilərini sülh danışıqlarına cəlb etmək lazımdır. Ermənilər başa düşməlidirlər ki, dünya ictimaiyyəti Azərbaycan ərazi bütövlüyünü tanıyır və beynəlxalq hüquq çərçivəsində münaqişə həllini tapmalıdır. Əks təqdirdə Azərbaycan Respublikası münaqişənin həlli üçün digər variantlara və yollara əl atacaq".

Politoloq əlavə edib ki, bu seçkilər heç bir dövlət tərəfindən tanınmayıb və seçkilərin əsas məqsədi Ermənistanın daxili siyasətini reallaşdırmaq irəli gəlir: "Seçkilərin əsl məqsədi koronavirusun dünyada tüğyan etdiyi bir dövrdə baş verən proseslərə baxmayaraq tez bir zamanda fürsətdən istifadə edərək Paşinyan komandasının Dağlıq Qarabağda Köçəryan komandasına qalib gəlməyi və beləliklə, istər Dağlıq Qarabağda, istərsə də Ermənistanda bir komandalı idarəçilik sisteminə keçməkdən ibarətdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə