"Ölkə başçısı dünyaya nümunə olacaq humanistlik göstərdi" AÇIQLAMA-ÖZƏL

“Belə bir çətin vaxtda koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmadı. Ölkə başçımız dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əfv sərəncamına imza atdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib.

O bildirib ki, sərəncama əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu.

Ənənəvi olaraq, ölkə Prezidentinin əsasən bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzaladığını xatırladan deputat söyləyib ki, dövlət başçısı bu dəfə fərqli, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır.

N. Həmzəyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir: “Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...