"Prezidentin qərarını yalnız alqışlamaq lazımdır” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı bunları deyib: "Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Cənab Prezident İlham Əliyevin imzaladığı bu sənəd ilk növbədə hümanist bir addımdır. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Digər tərəfdən ölkəmizdə vətəndaşların daha sağlam, təhlükəsiz və rahat yaşamasına yönəlmiş bir addımdır. Belə bir qərarı yalnız alqışlamaq lazımdır”.

Qeyd edək ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə