"İnsanların sağlamlığı cəmiyyətimiz və dövlətimiz üçün çox önəmlidir" Elman Nəsirov

"Hazırda bütün dünya dövlətləri koronavirus (COVID-19) pandemiyası ilə müharibə vəziyyətindədir və bu bəlaya qarşı kəskin mübarizə aparır. Düşmən gözə görünmür və qəfildən hücuma keçir. Dünyanın bu başından o başına sürətlə yayılan, dövlətləri çaş-baş salan, on minlərlə insanın ölümünə səbəb olan bu xəstəliyin qarşısında hamı aciz qalıb. Dünya dövlətləri öz gücü, potensialı daxilində bu bəlaya qarşı mübarizə aparmaqda davam edir. Çarəsi hələ də tapılmayan xəstəliyin nə qədər davam edəcəyi hələ də bəlli deyil. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan da bu amansız və qəddar xəstəliklə təmkinlə mübarizə aparır, vətəndaşlarının sağlamlığı üçün bütün mümkün tədbirləri həyata keçirir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atıb, profilaktik və sistemli tədbirlər həyata keçirilməyə başlanıb. Xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə sərhədlər bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Vəziyyəti bir mərkəzdən idarə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin.

Dövlətimizin başçısının birbaşa köməyi ilə ölkəyə ilk mərhələdə 10, sonra isə 4 laboratoriyanın gətirildiyini bildirən deputat deyib: “Hazırda ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. İnsanlar arasında virusa yoluxma hallarının sayının azaldılması üçün dövlət tərəfindən ciddi qaydalar tətbiq edilir və tədbirlər həyata keçirilir. Təəssüflə deməliyəm ki, görülən tədbirlərə baxmayaraq, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Yoluxmanın sayının məhz indi artması bir sıra səbəblərlə izah olunur. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilk dövrdə ölkədə gündə cəmi 200-300 insan testdən keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq insan koronavirus testindən keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün şərait yaradıb. Hazırda ölkəmizdə yeni, ən müasir tibbi laboratoriyalardan istifadə olunur”.

Koronavirusun inkubasiya dövrünün uzun olduğunu diqqətə çatdıran E.Nəsirov bildirib ki, virusa yoluxma halları əsasən xaricdən gələn və karantində yerləşdirilən insanlar arasında müşahidə olunur. Təəssüf ki, hazırda ölkə daxilində də insanların bir-birini yoluxdurması halları qeydə alınır. Çünki tibb bu pandemiyanın qarşısını almaqda gücsüz qalıb. “Dünya nəzər saldıqda görürük ki, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma və ölüm halları artan xətt üzrə inkişaf edəndə, qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın bir çox ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları daha gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Bu da onu göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifiklik təşkil edir”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə öz çıxışlarında, müraciətlərində vətəndaşları belə çətin məqamda diqqətli və məsuliyyətli olmağa çağırıblar. Lakin bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamırlar, məsuliyyətsizlik edirlər, küçələrə çıxaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradırlar.

İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bu çətin vəziyyətdə bir-birimizə və dövlətimizə dəstək göstərməkdir.

“Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi təsisata üzv ölkələri bu nəcib işə cəlb edə bilər. Üzv ölkələr koronavirusla mübarizə üçün fond yarada və həmin fonda ianə ediləcək vəsaitdən imkansız, xəstəlikdən daha çox əziyyət çəkən ölkələrə yardım edə bilər.

İnanırıq ki, dövlətimizin dəstəyi və Tanrının köməyi ilə biz bu bəladan da az zərərlə qurtulacağıq. Əminik ki, çətin günlər tezliklə arxada qalacaq və Azərbaycan xalqı öz sakit, firavan həyatına davam edəcək”, – deyə Elman Nəsirov fikirlərini yekunlaşdırıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...