Xeyirxah əməllər alqışlanmalı və dəstəklənməlidir ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın koronavirusa qarşı mübarizə çağırışına ağcabədililər hamılıqla dəstək veriblər. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, bu məqsədlə yaradılmış fonda bu vaxtadək 10 min manatlarla vəsait köçürülüb və bu kampaniya davam etdirilir.
"Ağcabədililər daha yeni bir xeyirxah tədbiri həyata keçirirlər. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında karantin dövründə pulsuz çörək aksiyası başlanılıb. Həmin mağazalardan alış-veriş edən şəxslər müəyyən məbləğdə iyanə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çorək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələrə, imkansızlara, tənhalara yardım etməkdir. İndi bir çox imkansız ailələr bu xeyirxah təşəbbüsdən bəhrələnirlər. Bildirmək istəyirəm ki, rayonda 200-dən çox tənha insan və bir çox imkansız ailə yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdən çıxmayan tənha və xəstə ailələrə sosial işçilər tərəfindən lazımi xidmət göstərilir və bununla yanaşı onlar hər gün pulsuz çörəklə təmin olunurlar. Əlbəttə ki, belə xeyirxah əməllər alqışlanmalı, dəstəklənməli və davam etdirilməlidir. Çətin gündə əldən tutmaq, kömək etmək, yardım göstərmək xalqımızın birliyindəndir. Dövlətimizin başçısı da bizi daimi olaraq bu birliyə, həmrəyliyə səsləyir və sözsüz ki, biz bir olanda, birləşəndə daha güclü olacayıq və ən çətin maneələri dəf edəcək, qüdrətli Azərbaycanımızı daha güclü, daha qüdrətli edəcəyik. Belə təşəbbüsləri alqışlamaq, dəstəkləmək, hər birimizin borcudur", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə